Bu gün Nərimanov rayon Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə Azərbaycan Beynəlxalq Bankından (ABB) 170 milyon manat kredit götürərək mənimsəməkdə təqsirləndirilən, hazırda həbsdə olan “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuzun barəsindəki həbs qətimkan tədbirinin ləğv edilməsi barədə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, prosesdə hakim E.C.Yavuzun barəsində seçilmiş həbs qətimkan tədbiri barədə Nərimanov rayon məhkəməsinin qərarını ləğv edib. Məhkəmənin qərarı ilə E.C.Yavuz azadlığa buraxılıb.
Xatırladaq ki, E.C.Yavuz Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdi. Beynəlxalq Bankdan külli miqdarda kredit götürərək mənimsəməkdə təqsirləndirilən E.C.Yavuzun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə artırılmışdı. Onun barəsindəki həbs qətimkan tədbirinin müddəti iyunun 2-də başa çatırdı.