Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) səhmdarı olan ölkələrin ümumi sayı 2016-cı ilin sonuna qədər 70-dən 100-ə yüksələ bilər. “TASS” agentliyinin verdiyi xəbərə görə, bunu AİİB-in prezidenti Tszin Litsyun bildirib. Onun sözlərinə görə, 30-a yaxın ölkə Banka qoşulmaq imkanı gözləyir ki, bunlardan 20-si artıq qəti qərarını verib: “Bu, həqiqətən Bankın beynəlxalq maliyyə qurumuna çevrilməsinə səbəb olacaq”.
Qeyd edək ki, AİİB-in yaranması fikri Çin tərəfindən 2013-cü ildə irəli sürülüb və 2016-cı il yanvarın 16-da Pekində rəsmən fəaliyyətə başlayıb. Bankın əsas missiyası Asiya regionu ölkələrinin inkişafında infrastruktur məhdudiyyətlərinin aradan qaldırılmasından ibarətdir. Qurumun fəaliyyətinə geniş maliyyə xidmətləri daxil olacağı bildirilir. Bura kreditləşmə, kapitalda iştirak, zəmanətlərin verilməsi və texniki dəstək əməliyyatları daxildir.
AİİB-in təsis edilməsi zamanı onun nizamnamə kapitalı 100 mlrd. dollar səviyyəsində təsdiq olunub, üzv ölkələrin sayı isə 57 olub. Əsas səhmdarlar Çin, Hindistan və Rusiya müvafiq olaraq 30,34%, 8,52% və 6,66% paya malikdir. Azərbaycanın isə bu bankda payı 0,25% (245,1 mln. dollar) təşkil edir.
Report