14 C
Baku
Friday, November 21, 2025

İmişlidən Türkiyəyə mahlıc ixrac olunur

İmişli rayonunda pambıq yığımı və emalı prosesləri hazırda intensiv şəkildə davam etdirilir.

Mövsüm başlayandan yığılan pambıq emal məntəqəsinə daşınır və burada bütün mərhələlərdən keçərək mahlıc əldə olunur. Baş aqronom Rafiq Dədəkişiyev bildirir ki, yüksək məhsulun əsası vaxtında aparılan əkin və becərmə işlərindən başlayır: “Sahələrimizdə pambıq aqrotexniki qaydalara uyğun olaraq becərilib. Ziyanvericilərə qarşı dərmanlama, məhsuldarlığın artırılması üçün gübrələmə işləri vaxtında həyata keçirilib. Hazırda yığım davam edir. Sahələrdən orta hesabla 33 sentner məhsul götürmək nəzərdə tutulub. Ötən illə müqayisədə məhsuldarlıq daha yüksəkdir”.

Zavoda gətirilən pambıq ağırtonnajlı tərəzilərdə çəkilir, daha sonra saxlanc yerlərinə boşaldılaraq emala yönləndirilir. Buradan elevatorlar vasitəsilə istehsal xəttinə ötürülür.

Baş mühəndis Elçin Əsədovun sözlərinə görə, “Prime Cotton” şirkətinin İmişli filialında mövsüm ərzində indiyədək 3591 ton xam pambıq emal olunub və proses bütün texniki tələblərə uyğun şəkildə davam etdirilir: “Emal olunan xammaldan 1526 ton yüksək keyfiyyətli mahlıc, 1874 ton isə çiyid əldə edilib. Bu nəticə müəssisənin həm məhsuldarlıq, həm də səmərəlilik baxımından güclü mövqedə olduğunu göstərir. İstehsal avadanlıqları Türkiyə istehsalıdır və dəqiqliyi ilə seçilir. Məhsul keyfiyyətinə təsir edən bütün parametrlər real vaxt rejimində monitorinq olunur”.

Hazırda müəssisədə 70-dən çox mütəxəssis və operator prosesə cəlb edilib. Komanda təhlükəsizlik və istehsal protokollarına tam riayət etməklə maksimum məhsuldarlığın qorunmasına çalışır. Filialda sutkada emal olunan 200 ton xam pambıqdan orta hesabla 85 ton mahlıc əldə edilir ki, bu da 42,5 faiz deməkdir. Bu göstərici Prime Cottonun bölgənin pambıq tədarükü və emalı sahəsində aparıcı mövqeyini təsdiqləyir.

İmişli filialında tətbiq edilən yeni optimizasiya yanaşmaları və texnoloji yeniliklər emal gücünün artırılmasına imkan yaradır. Sahələrdən gətirilən pambıq zavodda emal olunaraq kip halına salınır. 200 kiloqramlıq kiplər qablaşdırılaraq saxlanca yerləşdirilir. Emaldan alınan mahlıc iplik fabriklərinə göndərilir və əsasən Türkiyə olmaqla bir sıra xarici ölkələrə ixrac edilir. Çiyid isə yağ emalı müəssisələrinə təhvil verilir.

Bu ilin hədəfi 9500 ton xam pambığın və 4000 tondan çox mahlıcın emalıdır. Məqsəd fermer tərəfdaşlarının məhsullarının dəyərini yüksəltmək və ölkənin pambıq sənayesinin inkişafına davamlı töhfə verməkdir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər