2025-ci ildə Bakı Fond Birjasında repo əməliyyatlarının həcmi illik müqayisədə 10.29 mlrd. manat və ya təxminən 16.90% azalıb.
Banker.az xəbər verir ki, repo bazarında dövriyyə 50.63 mlrd. manat təşkil edib ki, bu da 2024-cü ildə 60.92 mlrd. manat idi.
Azalma əsasən repo əməliyyatlarının strukturunda baş verən dəyişikliklərlə bağlı olub. Dövlət istiqrazları üzrə repo əməliyyatlarının həcmi 24.77 mlrd. manatdan 38.04 mlrd. manata yüksəlsə də, bu artım korporativ qiymətli kağızlar və Mərkəzi Bankın notları üzrə repo əməliyyatlarında kəskin geriləməni kompensasiya edə bilməyib.
Korporativ qiymətli kağızlar üzrə repo əməliyyatlarının həcmi bir il ərzində 34.58 mlrd. manatdan 11.86 mlrd. manata enib, AMB notları üzrə repo əməliyyatları isə 1.54 mlrd. manatdan 0.74 mlrd. manata düşüb.
Repo əməliyyatı nədir?
Repo predmeti olan investisiya qiymətli kağızlarının əvvəlcədən müəyyən edilmiş şərtlərlə geri satın alınması (satılması) öhdəliyi ilə satılmasıdır (alınmasıdır).







