ABŞ Prezidenti Donald Tramp Venesuela neftinin satışından əldə olunan və ABŞ Maliyyə Nazirliyinin hesablarında saxlanılan gəlirlərin qorunması məqsədilə ölkədə fövqəladə vəziyyət rejimi elan edib.
Bu barədə Ağ Evin yaydığı rəsmi açıqlamada deyilir.
Məlumata görə, Tramp bu gəlirlərin həbs olunmasının və ya məhkəmə proseslərinə cəlb edilməsinin qarşısını almaq üçün müvafiq sərəncam imzalayıb. Sənəddə qeyd olunur ki, sözügedən vəsaitlərin qorunması ABŞ-nin Venesuelada iqtisadi və siyasi sabitliyin təmin olunmasına yönəlmiş xarici siyasət məqsədləri baxımından vacib hesab olunur.
Ağ Ev vurğulayıb ki, bu vəsaitlərin müsadirə olunması ABŞ-nin əsas hədəflərini, o cümlədən qeyri-qanuni miqrasiyanın qarşısının alınmasını və qanunsuz narkotik dövriyyəsinin məhdudlaşdırılmasını birbaşa təhlükə altına qoya bilər.
Açıqlamada qeyd olunur ki, Venesuela neft gəlirlərinə nəzarətin itirilməsi İran və “Hizbullah” kimi destruktiv aktorların mövqelərini gücləndirə, Venesuelada və ümumilikdə Qərb yarımkürəsində sülh, sabitlik və rifahın bərqərar olunması səylərini zəiflədə bilər.
Ağ Ev həmçinin bildirib ki, bu vəsaitlər yalnız suveren məqsədlər üçün saxlanılır və onların qorunması ABŞ-nin beynəlxalq öhdəliklərinə uyğunluğunu və diplomatik hədəflərini dəstəkləyir.
Ağ Evin məlumatına görə, Venesuela neft gəlirlərinin qorunması ABŞ-nin milli maraqlarına xidmət edir və Trampın “America First” siyasəti çərçivəsində qeyri-qanuni miqrasiyanın dayandırılması, narkotik axınının qarşısının alınması və xarici mənfi təsirlərin zəiflədilməsi məqsədlərinə yönəlib.






