Azərbaycanda kreditləşmənin sürətli artımı və dividend ödənişləri bankların kapital buferlərinin azalmasına gətirib çıxarıb, bununla belə, ümumilikdə 2026-cı ildə sektorun kapitallaşma səviyyəsinin sabit qalacağı gözlənilir.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatına əsasən, buna Azərbaycan banklarının yüksək mənfəətliliyi və aktivlərin mülayim artım templəri töhfə verəcək.
Agentliyin qiymətləndirməsinə görə, Azərbaycan, Ermənistan və Gürcüstan banklarının kredit göstəriciləri güclü olaraq qalır və hələ də tarixi normaları üstələyir: “Sektora iqtisadi artımın yüksək templəri, suveren kredit profillərinin yaxşılaşması və Ukraynada davam edən münaqişənin dolayı təsirləri dəstək verib”.
“Fitch” qeyd edib ki, 2022-ci ildən 2025-ci ilin doqquz ayına qədər olan dövrdə region bankları rekord mənfəətlilik nümayiş etdiriblər: “Faiz dərəcələrinin artırılması fonunda xalis faiz marjası 1-2 faiz bəndi artıb. Ermənistan və daha az dərəcədə Gürcüstan bankları tranzit ticarəti, miqrasiya və Rusiyadan gələn köçürmələr ilə bağlı komissiyaların artması hesabına əlavə gəlir əldə ediblər. Azərbaycanda isə mənfəətlilik ötən illərin problemli aktivləri üzrə risklərin azalması hesabına dəstəklənib”.
Agentlik vurğulayıb ki, Ermənistan və Gürcüstanda kapitalın adekvatlıq əmsalları yüksək mənfəət və ciddi tənzimləmə tələbləri sayəsində dayanıqlı olaraq qalır. Bank aktivlərinin keyfiyyəti hər üç ölkədə yaxşılaşıb, lakin problemli kreditlərin payının daha da azalması hazırkı səviyyələrin aşağı olması səbəbindən məhdudlaşa bilər.
“Fitch”in məlumatına görə, 2021-ci ildən bəri aktivlərin keyfiyyətində ən nəzərəçarpacaq yaxşılaşma Azərbaycan banklarında müşahidə olunub. Buna milli valyutada daha şaxələndirilmiş kreditləşməyə keçid və borcalanların ödəmə qabiliyyətinə dair tələblərin sərtləşdirilməsi töhfə verib.
Agentliyin məlumatına əsasən, regionda dollarlaşma səviyyəsi aşağı düşüb, lakin Gürcüstanda (2025-ci ilin üçüncü rübünün sonuna kreditlərin 42 %-i) və Ermənistanda (34 %-i) yüksək olaraq qalır. Azərbaycanda xarici valyutada kreditlərin payı əhəmiyyətli dərəcədə aşağı (14 %) olub. Bu isə manatın ABŞ dollarına effektiv bağlılığı və xarici valyutada kreditləşmənin sərt qaydaları ilə izah edilir.
Bununla yanaşı, bildirilib ki, bank sektorunun likvidliyi komfortlu səviyyədə qalır. Bununla belə, depozit axınının normallaşması fonunda 2025-ci ilin sentyabr ayının sonuna Ermənistan və Gürcüstanda kreditlərin depozitlərə münasibətdə orta sahəvi əmsalı 105 %-i (2022-ci ilin sonundakı müvafiq olaraq 82 % və 101 %-ə qarşı) ötüb. Azərbaycanda bu göstərici 80 % təşkil edib.
Regionun banklarının reytinqləri “B”-“BB+” diapazonunda dəyişir. Gürcüstanın (BB/Stable) və Ermənistanın (BB-/Positive) ən böyük banklarının reytinqləri onların suveren dövlətlərinin reytinqlərinə uyğundur.
Eyni zamanda Azərbaycan banklarının reytinqləri ölkənin suveren reytinqindən (BBB-/ Stable) aşağı olaraq qalır ki, bu da onların müstəqil kredit profillərinə və əməliyyat mühitinə verilən qiyməti (bb-/ stable) əks etdirir. “Fitch” hesab edir ki, tənzimlənmənin daha da gücləndirilməsi və dayanıqlı maliyyə göstəriciləri Azərbaycan banklarının reytinqlərinin yüksəlməsinə şərait yarada bilər.






