2025-ci ildə Azərbaycanda keçirilən beynəlxalq və ölkə səviyyəli tədbirlərin təşkili üçün dövlət büdcəsindən 213,6 mln. manat vəsait istifadə olunub.
Banker.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda məlumat verilib.
Hesabata əsasən, vəsait “Formula 1” Azərbaycan Qran-Prisi, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı, 12-ci Qlobal Bakı Forumu, 3-cü Şuşa Qlobal Media Forumu, Üçüncü Milli Şəhərsalma Forumu, 8-ci “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı, “Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı və digər beynəlxalq tədbirlərin keçirilməsinə yönəldilib.
Bundan başqa, 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına hazırlıq işləri, eləcə də Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi ilə bağlı tədbirlər də həmin vəsait hesabına maliyyələşdirilib.
Eyni zamanda, beynəlxalq fəaliyyət və digər tədbirlər üçün 12,6 mln. manat, xarici yardımlar üzrə xərclər üçün isə 11,4 mln. manat vəsait istifadə olunub.
Hesabata görə, Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında ölkənin payının maliyyələşdirilməsi məqsədilə 181,9 mln. manat vəsait ayrılıb.





