AZPROMO: Ələt Azad İqtisadi Zonasında Karqo Kəndi yaradılır

Hazırda Ələt Azad İqtisadi Zonasında (AFEZ) Karqo Kəndi yaradılır.

Banker.az xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrə özəl sektor üçün təşkil olunmuş məlumatlandırma sessiyasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən ardıcıl sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata fəal inteqrasiya nəticəsində biznes üçün əlverişli imkanlar formalaşıb: “Bu gün xarici sərmayədarların fəal iştirakı ilə Azərbaycanda sənaye, yaşıl enerji, rəqəmsallaşma, kənd təsərrüfatı, nəqliyyat-logistika və digər sahələrdə birgə layihələr həyata keçirilir. Ölkəmizdə beynəlxalq ticarət və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi, yeni ortaq layihələrin reallaşdırılması və uzunmüddətli iqtisadi tərəfdaşlıqların qurulması üçün güclü zəmin yaradılıb”.

O qeyd edib ki, investisiya mühitinin əlverişli olmasında həmçinin infrastruktur və institusional təşviqlər də mühüm rol oynayır: “Azərbaycanda yaradılan iqtisadi zonalar, investisiya təşviqi mexanizmləri, vergi və gömrük güzəştləri investorlar üçün geniş imkanlar təqdim edir. Bu baxımdan, Ələt Azad İqtisadi Zonası xüsusi əhəmiyyət daşıyır. AFEZ yalnız xüsusi hüquqi və iqtisadi rejimə malik zona deyil, eləcə də Azərbaycanın regionda istehsal, emal, ticarət və logistika habına çevrilməsi strategiyasının mühüm tərkib hissəsidir. Xəzər hövzəsi, Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropa bazarlarına çıxış imkanları, liman infrastrukturu və beynəlxalq nəqliyyat marşrutları ilə inteqrasiya AFEZ-i regional dəyər zəncirlərinin formalaşdırılması üçün cəlbedici edir. Hazırda AFEZ-də karqo daşımalarını reallaşdırmaq məqsədilə hava yükdaşıma klasteri (Ələt Karqo Hava Limanı, Karqo Kəndi) yaradılır. Bu infrastruktur layihələri AFEZ-in müxtəlif nəqliyyat növlərinin inteqrasiyası təmin edilmiş strateji sənaye mərkəzinə çevrilməsi üçün mühüm perspektivlər yaradır”.

S.Yəhyayeva deyib ki, WUF13 şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və özəl sektorun artan rolu ətrafında qlobal dialoqun daha da güclənməsinə, yeni ideyaların və konkret tərəfdaşlıqların formalaşmasına əhəmiyyətli töhfə verəcək.

Son xəbərlər
Digər xəbərlər