İraq Hörmüz boğazında gəmiçiliyin bərpası üçün İrandan icazə almağa çalışır. Bu barədə İraqın neft naziri Həyyan Əbdül Qani “Al-Şərqiya” telekanalına bildirib.
“Bəzi neft tankerilərinin Hörmüz boğazından keçidinə icazə verilməsi üçün müvafiq qurumlarla danışıqlar aparılır ki, biz ixracı bərpa edə bilək”, — deyə Həyyan Əbdül Qani bildirib (AFP-ə istinadən). “Biz onlara (İran tərəfinə) bu gəmilərin növləri, adları, hansı təşkilata məxsus olduqları və sahibləri barədə məlumat təqdim etməliyik”.
ABŞ və İsrailin 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra İran faktiki olaraq Hörmüz boğazını bloklayıb. Bu ərazidə müxtəlif ölkələrin kommersiya gəmiləri dəfələrlə hücumlara məruz qalıb, lakin İrana “dost” hesab edilən bəzi ölkələrin gəmiləri boğazdan problemsiz keçə bilib.
Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması səbəbindən region ölkələri neft hasilatını azaltmağa başlayıb. “Bloomberg”in məlumatına görə, Səudiyyə Ərəbistanı hasilatı 2–2,5 milyon barel/gün, İraq 2,9 milyon barel/gün, BƏƏ isə 500–800 min barel/gün azaldıb. AFP qeyd edir ki, əməliyyatlardan əvvəl İraq əsasən gündə təxminən 3,5 milyon barel nefti Basranın cənub yataqlarından Hörmüz boğazı vasitəsilə ixrac edirdi.






