“Rabitəbank” ASC 2026-cı ilin ilk yarısını 5,6 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,0% azdır.
Banker.az bankın yarımillik maliyyə hesabatına istinadən xəbər verir ki, bankın cəmi gəlirləri 100,4 milyon manata çataraq illik müqayisədə 18,1% artıb. Cəmi xərclər isə 94,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 21,7% çoxdur.
2026-cı il iyulun 1-nə “Rabitəbank”ın cəmi aktivləri 1 milyard 398,5 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 0,3% azdır. Aktivlərin əsas hissəsini təşkil edən xalis kredit portfeli 965,4 milyon manata yüksələrək 4,8% artıb və ümumi aktivlərin 69,0%-ni təşkil edib. Ümumi kredit portfeli isə 995,1 milyon manata çataraq 5,7% genişlənib.
Portfel strukturunda biznes kreditləri 4,3% artaraq 436,2 milyon manata yüksələrək ən böyük payı qoruyub. İstehlak kreditləri 6,8% artaraq 360,7 milyon manata, ipoteka kreditləri isə 7% artaraq 198,1 milyon manata çatıb.
“Rabitəbank”ın cəmi öhdəlikləri ilin əvvəli ilə müqayisədə 0,8% azalaraq 1 milyard 260,8 milyon manat təşkil edib. Depozit portfeli 4,3% azalaraq 840,7 milyon manata enib. Fiziki şəxslərin depozitləri 1,9%, hüquqi şəxslərin depozitləri isə 10,3% azalıb.
Bunun əvəzində kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 16,7% artaraq 377,3 milyon manata yüksəlib. Bankın kapitalı 4,7% artaraq 137,7 milyon manata, bölüşdürülməmiş mənfəəti isə 35,2% artaraq 21,5 milyon manata çatıb.






