Müəllif: Elçin Çobanov, Azfen J.V. Material accountant
Müştəri hər zaman düzdür. Müştərilərə qarşı nəzakətli olun. Müştərilər hər şeyə fikir verir. Səhvi olduqda belə əgər şirkətə böyük ziyan vurmursa müştəri lehinə qərar verin. Yox əgər şirkəti ziyana salırsa ən azından hər şeyi detalları ilə izah edin ki onunla maraqlandığınızı görsün.
İşinizin ustası olun. Müəyyən xidmətləri təklif edən az adamlardan biri də siz olun. Belə olduqda digər şirkətlər də bəzi xidmətlər üçün öz müştərilərini sizə yönəldəcək. Belə olduqda malı başqa firmadan alsalar da servis üçün sizə müraciət edəcəklər.
Müştərilərdən özünüz barəsində soruşun. Müştərilərdən nəyi yaxşı bacardığınızı, nələrinsə inkişafa ehtiyacı olduğu barədə sorğular keçirin. Bu səsli küylü olmamalıdı. Lakin burdan müştərilər bəzi xidmətləriniz haqqında məlumat alacaq və sizin mükəmmələşməyə can atdığınızı hiss edəcək. Diqqətiniz yüksək dəyərləndiriləcək.
Müştərilərinizin xidmətlərindən yararlanın. Çox insanlar öz müştərilərinin xidmətlərindən yararlanırlar. Bunun da əsas səbəbi formalaşmış qarşılıqlı etimaddır. Xidmətindən istifadə etdiyiniz şirkətlərə xüsusi paket hazırlayın. Və ya əksinə bir iş üçün podratçı seçəcəksinizsə ilk öncə öz müştəriləriniz ilə görüşüb təkliflərini dinləyin.
Sosial layihələrdə iştirak edin. Universitetlərdə tələbələrlə iş dünyası görüşləri olur, meneceriniz və ya özünüz bu seminarlara qatılın, tələbələrə dərs keçin və ya şirkətinizdə təcrübə imkanı verin. Şirkət olaraq xeyriyyə işləri ilə məşğul olun, kitabxanalara kitab bağışlayın, xəstəxanalara könüllü donorluq edin, uşaq və qocalar evinə yardımlar edin. Bu, həm imicinizi qaldıracaq, həm də bu zaman sizi tanımayanlar da tanıyacaq.
Ən yaxşı reklam üzbəüz olandır. Müştərilərlə görüşə gedin və ya müştəriləri öz tədbirlərinizə dəvət edin. Sərgilərə, təqdimatlara dəvət edin. Özünüz və ya səlahiyyətli işçiləriniz bu görüşlərdə iştirak etsin. Bu, bütün sorğulardan daha effektivdir və sizin diqqətinizin göstəricisidir.
- Mağaza, dükan, ofis və iş yerinizi səliqəli saxlayın.
- Müştərilərin özlərini rahat hiss etmələrini təmin edin
- Göz oxşayan şüşə vitrinlərdən istifadə edin
- Gülərüz və diqqətli personalı unutmayın
- Yer seçimi zamanı doğru yerləri seçin
- Düzgün reklam metodları seçin
- Müştərilərinizin əlaqələrini (contacts) alın, əlaqəni kəsməyin
- Özünəməxsus metodlardan və yeniliklərdən çəkinməyin