20 C
Baku
Monday, May 20, 2024

ABŞ hökuməti rekord $5 mlrd. dəyərində bitkoin müsadirə edib

ABŞ-ın Ədliyyə Nazirliyi 5 milyard dollarlıq bitkoin müsadirə edildiyi barədə məlumat verib. Kriptovalyuta 2016-cı ildə oğurlanıb.

Banker.az xəbər verir ki, həmin ildə “Bitfinex” kriptobirjasının “hack” edilməsi nəticəsində hakkerlər 120 000 bitkoin mənimsəyib. Qeyd edək ki, 2016-cı ildə onların qiyməti 71 milyon dollar olaraq qiymətləndirilib.

Baş prokurorun köməkçisi Kennet Polit kriptovalyutanın ələ keçirilməsinin ABŞ hakimiyyətinin “kriptovalyutanın çirkli pulların yuyulması üçün təhlükəsiz sığınacaq və ya maliyyə sistemimizdə qanunsuzluq zonası olmasına imkan verməyəcəyinə” dair əsaslı sübut olduğunu bildirib. Ədliyyə Nazirliyinin məlumatına görə, naməlum hakker 2016-cı ildə “Bitfinex” kriptovalyuta birjasını “hack” edərək 2 minə yaxın qanunsuz əməliyyat həyata keçirib. O, kriptovalyutanı Nyu-Yorkdan olan 34 yaşlı İlya Lixtenşteynin idarə etdiyi rəqəmsal pul kisəsinə köçürüb.

Prokurorlar Lixtenşteyn və onun həyat yoldaşı, 31 yaşlı Hizer Morqanı çirkli pulların yuyulmasına cəhddə ittiham ediblər. Müstəntiqlərin fikrincə, cütlük son beş il ərzində müxtəlif hesablar vasitəsilə 25 minə yaxın oğurlanmış bitkoini “yuyub”. İstintaqda Vaşinqton, Nyu-York, Çikaqo və Ansbahadan (Almaniya) olan müstəntiqlər iştirak ediblər.

“Bitfinex” verdiyi açıqlamada istintaqla əməkdaşlıq etməkdən və oğurlanmış vəsaitlərin geri qaytarılmasından məmnun olduğunu bildirib. Lixtenşteyn və Morqan fırıldaqçılıqda, eləcə də pulların yuyulmasında təqsirli bilinsələr, onların hər birini 25 il həbs gözləyir.

Xatırladaq ki, daha əvvəl “DarkSide” adlı hakkerlər qruplaşmasından 2.3 milyon dollar dəyərində kriptovalyuta müsadirə etmişdi. “Colonial Pipeline” şirkəti kiberhücum təşkilatçılarına 4.4 milyon dollar ödəmişdi. Hücum nəticəsində may ayında ABŞ-ın şərq sahilinə yanacaq təchizatı müvəqqəti olaraq dayandırılmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər