ABŞ Konqresinin Nümayəndələr Palatası palatanın saytında dərc olunmuş iclasların cədvəlinə əsasən, dinləmələri fevralın 28-dək dayandırıb, Banker.az bu barədə İnterfax-a istinadən xəbər verir.
Beləliklə, Senatda Ukrayna, İsrail və Tayvana yardımla bağlı qəbul edilmiş qanun layihəsinin Palatada mümkün baxılması təxirə salınır.
Daha əvvəl Nümayəndələr Palatasının spikeri Mayk Cnson qanun layihəsinin dərhal səsverməyə çıxarılmasını istisna edərək, diqqətini martın əvvəlində hökumətin bağlanmasının qarşısını almağa yönəltdiyini söyləyib.
Spikerin yaydığı bəyanatda vurğulanır ki, “Senat xarici yardım haqqında qanun layihəsində ölkənin üzləşdiyi ən aktual problem haqqında heç nə demir.
Çərşənbə günü keçirdiyi mətbuat konfransında spiker vurğulayıb ki, Palata qanun layihəsini qəbul etmək üçün Senatın təzyiqinə boyun əyməyəcək.
Xəbər verdiyimiz kimi, Senat Kiyev üçün 60 milyard dollar da daxil olmaqla, 95 milyard dollarlıq əlavə müdafiə xərclərinə dair qanun layihəsinə səs verib. Qərar Nümayəndələr Palatasını “nəzərə alaraq irəliləməyə” çağıran prezident Co Bayden tərəfindən alqışlanıb.