9 C
Baku
Thursday, December 12, 2024

Ağalı sakinlərinin məşğulluğu üçün dəstək tədbirləri hazırlanıb

Böyük qayıdışın ilk iştirakçıları olan Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial təminatı və firavan yaşaması üçün dəstək tədbirlərinin görülməsinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən köçürülən sakinlərin özünüməşğulluğunun təşkili və işlə təminatını həyata keçirmək məqsədilə işlər görülür.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti ilə birgə kəndin 30 sakini özünüməşğulluq proqramına cəlb olunub. Onlar üçün artıq biznes təlimləri təşkil edilib. Təlimlərdə iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Növbəti mərhələdə isə həmin şəxslər özünüməşğulluq proqramı çərçivəsində avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaqlar. Həmçinin, kənd sakinlərinin işlə təminatı məqsədilə Ağalı kəndində fəaliyyət göstərən dövlət müəssisələri və özəl şirkətlər müəyyən olunub, vakansiya tələbləri öyrənilib. Bundan sonra vakansiyaların tələblərinə uyğun namizədlərin işlə təminatı həyata keçiriləcək.

Ağalı kənd sakinlərinin peşə biliklərinin artırılması və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə növbəti mərhələdə orada peşə hazırlığı kurslarının təşkili və “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə fəaliyyətin həyata keçirilməsi hədəflənib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər