6 C
Baku
Saturday, December 14, 2024

Alimlər yeddi yeni “dünya” tapıblar

Astronomlar eyni ulduzun orbitində dövrə vuran və Yer ölçüsündə olan azı 7 planet aşkar ediblər.

Bu kəşf barədə məlumat NASA-nın Vaşinqtondakı iqamətgahında elan edilib.
Ən önəmlisi budur ki, təkcə ölçüsünə yox, bir sıra temperatur və orbital göstəricilərinə görə Yerə oxşayan bu planetlərdə suyun və deməli həyatın mövcud olması mümkündür.

Bu planetləri tapan alimlər qrupunun rəhbəri, belçikalı alim Michaël Gillon deyib ki, bu qədər yerəbənzər planetin bir ulduzun orbitində olması heyrətamizdir. Alimlər Günəşdən başqa hər hansı ulduzun ətrafında dövrə vuran planetlərə ekzoplanet deyirlər.

Sözü gedən 7 ekzoplanetin hamısı TRAPPİST-1 adlı ultrasərin cırtdan ulduzun orbitində dövrə vurur.

Onların təxmin edilən kütlələri deməyə əsas verir ki, bu ekzoplanetlər Yupiter kimi qazşəkilli deyillər,Yer kimi qayalıq və torpaqdan ibarətdirlər.

Planetlərdən TRAPPİST-1e, f və g ulduzun həyata əlverişli zonasında yerləşirlər.

Onların səthində okeanların olduğu təxmin edilir.

Alimlər TRAPPİST-1f planetində həyatın mövcud ola biləcəyinə daha çox inanırlar.

Bu araşdırmanı aparanlardan Cambridge Universitetinin professoru Amaury Triaud deyib ki, bu kəşf yad planetdə həyatın aşkar edilməsinə doğru atılmış həlledici addımdır.

​Alim bildirib ki, bu planetlərin atmosferindəki qazların öyrənilməsi orada həyatın olub-olmaması barədə suala cavab verəcək. Əgər ordakı qazlar da Yerin atmosferindəki qazlar kimidirsə, deməli o planetlərdə də həyat var.

Aşkar edilmiş ekzoplanetlərin orbitləri bir-birinə son dərəcə yaxındır. Məsələn yenicə tapılmış ulduz sistemində ulduzun özü ilə ən uzaq planet arasındakı məsafə Günəşlə Merkuri arasındakı məsafədən 5 dəfə azdır.

Bu planetlərin öz “günəşləri” ətrafında tam dövrəsi vaxt etibarilə müxtəlifdir. Beləki planetlərdən birində bu müddət 1 Yer günü, başqa birində isə 13 Yer gününə bərabərdir. Ulduzdan ən aralı planetdə tam dövrənin müddəti hələlik naməlumdur.

Bu planetlərdən birinin səthində dayansanız, Günəşdən 200 dəfə az işıq alacaqsınız, lakin o qədər enerji alacaqsınız ki, bədəniniz isti qala bilsin.

Bu plantlərin mənzərəsi də ecazkar olmalıdır. Burada başınızın üstündə Aya bənzəyən bir neçə səma cismi asılacaq.

Məsələn TRAPPİST-1f planetinin səmasında günəş bizim səmamızdakı Günəşdən 3 dəfə böyük görünür. Lakin bu ulduz qırmızı olduğundan, alimlərin ehtimalına görə,onun planetlərdəki işığı da çəhrayı rəngin çalarlarındadır.

Yenə də alimlərin ehtimalına görə sözü gedən ulduz sistemindəki planetlərin ulduza ən yaxın olanları bizim Ay kimi öz oxu ətrafında fırlanmır və deməli yalnız bir tərəfi ilə günəş-ulduza baxır. Bu planetlərin bir üzündə daim gecə, digər üzündə daim gündüzdür. Həyatın da məhz bu planetlərdə olduğu düşünülür.

TRAPPIST-1 necə deyərlər ulduz kateqoriyasına “zorla” düşür, beləki onun hərarəti bizim Günəşdən iki dəfə azdır və kütləsinə görə Günəşdən 10 dəfə yüngüldür. Lakin bizim qalaktikamız belə cırtdan günəşlərlə doludur.

40 işıq ili məsafəsi o qədər də uzaq səslənməyə bilər, lakin bizim oraya çatmağımız üçün milyonlarla il vaxt lazım gələrdi.

Son xəbərlər
Digər xəbərlər