5 C
Baku
Şənbə, Yanvar 29, 2022

Avropa İttifaqı Lənkəran-Astara iqtisadi rayonunda yeni layihənin icrasına başlayıb

Noyabrın 30-da Lənkəranda “Avropa İttifaqının Azərbaycanın Lənkəran rayonuna dəstəyi Proqramı”nın başlaması ilə bağlı tədbir keçirilib. Tədbirdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyinin, BMT-nin İnkişaf Proqramının və Lənkəran-Astara iqtisadi rayonuna daxil olan rayonların icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin proqram rəhbəri Ramilə Aslanova məlumat verib ki, 6 il müddətinə icra olunacaq “Avropa İttifaqının Azərbaycanın Lənkəran rayonuna dəstəyi Proqramı”nın ümumi büdcəsi 13,5 milyon avrodur.

Daha sonra “Lənkəran-Astara iqtisadi rayonuna Avropa İttifaqının dəstəyi” layihəsinin qrup rəhbəri Vin Deyvis layihə barədə təqdimatla çıxış edib. “Lənkəran-Astara iqtisadi rayonuna Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin əsas məqsədi regional ərazi planlaşdırma sisteminin təkmilləşdirilməsi, meyvə-tərəvəz sektorunda müasir yerli iqtisadi və icma əməkdaşlıq mərkəzi şəbəkəsinin yaradılması, meyvə və tərəvəz sektorunun rəqabət qabiliyyətinin və əlavə dəyərinin artırılmasıdır. Ümumi dəyəri 5 milyon avrodan çox olan layihənin icra müddəti 38 aydır.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev qeyd edib ki, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində nail olunmuş sosial-iqtisadi inkişafın davamlılığının dəstəklənməsini təmin etmək məqsədi ilə növbəti 10 il üçün Azərbaycanın Milli Prioritetləri təsdiq edilib, iqtisadiyyatın “yaşıl” və davamlı inkişafına, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Bu prioritetlərin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi və aidiyyəti dövlət strukturlarının iştirakı, aparıcı beynəlxalq təşkilatlar və ixtisaslaşmış konsaltinq şirkətlərinin birgə əməkdaşlığı ilə “2022-2026-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanır.

O, həmçinin qeyd edib ki, “Avropa İttifaqının Azərbaycanın Lənkəran rayonuna dəstəyi Proqramı” çərçivəsində “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” texniki yardım, “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” tvinninq və “Lənkəran regionunda meyvə-tərəvəz sektorunda rəqabətlilik, əməkdaşlıq və modernləşmənin təşviqi” qrant layihələri icra olunur. Elnur Əliyev İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin benefisiarı olduğu “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” texniki yardım layihəsinin Lənkəran-Astara iqtisadi rayonunun meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyətini və əlavə dəyərini artırmaq baxımından önəmini, layihə çərçivəsində hər bir inzibati rayon üçün pasport və ərazi inkişaf planlarının hazırlanacağını diqqətə çatdırıb.

Tədbirdə həmçinin, “Lənkəran-Astara iqtisadi rayonuna Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi çərçivəsində “Sanitar və fitosanitar (SFS) tədbirlərin gücləndirilməsi” tvinninq, “Lənkəran rayonunda meyvə-tərəvəz sektorunda rəqabət, əməkdaşlıq və modernizasiyanın təşviqi” qrant layihələrinin təqdimatları da keçirilib.

Son xəbərlər
Oxşar xəbərlər