Hollandiyanın Valyuta Mübadiləsi Fondunun (TCX) baş müşaviri və vitse-prezidenti Harald Hirşhofer Azərbaycanda valyuta məzənnələrinin kəskin dəyişməsinə görə bir gündə 40 milyon dollar itirdiklərini bildirib.
Harald Hirşhofer Afrikada keçirilən maliyyə və investisiya forumu zamanı yerli mediaya müsahibəsində deyib.
Harald Hirşhoferin bildirdiyinə görə TCX valyuta investisiyaları üzrə qlobal miqyasda innovativ həll yolları təklif edən fonddur. “Biz son 10 ildə milyonlarla əmanətçini xarici və inkişaf etməkdə olan bazarlarda yerli valyutaların kəskin dəyərdən düşməsinin dəhşətli nəticələrindən müdafiə etmişik”-o deyib.
Harald Hirşhofer bildirir ki, TCX tərəfdaşlarına maliyyələşmə təklif etmir. Əvəzində bütün dünya üzrə investisiya layihələri üzrə risklərin idarə edilməsi üçün müxtəlif alətlər təqdim edir. “İstənilən başqa tip sığorta provayderi kimi itkilər bizim biznesimizin də bir hissəsidir. Məsələn, biz Azərbaycan Mərkəzi Bankının artıq öz valyuta siyasətini davam etdirmək imkanında olmadığına görə (tənzimlənən məzənnə siyasətindən imtina nəzərdə tutulur.-red) bir gündə 40 milyon dollar itirdik. Lakin bu, çox güman ki, minlərlə yerli firmanı və kreditorları ciddi maliyyə çətinliklərindən xilas etdi”– Harald Hirşhofer bildirib.
©Virtual Azərbaycan