10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli, “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2018-ci il 1 may tarixli 30 nömrəli və “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanlara dəyişiklik edildi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikasının 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab) maddə 2328; 2018, № 5, maddə 897, № 8, maddə 1690; 2019, № 1, maddə 60, № 3, maddələr 411, 416) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2-ci bənddə “mexanizminin” sözü “və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi” üzrə:

1.2.1. 1.1-ci bənddə “mexanizminin” sözü “və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmlərinin” sözləri ilə əvəz edilsin;

1.2.2. 2.1-ci bəndə “təmin edilməsi” sözlərindən sonra “və yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 898, № 10, maddə 1991) ilə təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddən “habelə” sözü çıxarılsın, həmin bəndə “1760 nömrəli” sözlərindən sonra “, “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli” sözləri və “(bundan sonra – faiz subsidiyaları)” sözlərindən sonra “, habelə yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə” sözləri əlavə edilsin;

2.2. 2.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.2. ərizəçi – Azərbaycan Respublikasının vətəndaşı olan, ipoteka krediti almaq istəyən və ya satmaq öhdəliyi ilə kirayə müqaviləsinin (bundan sonra – kirayə müqaviləsi) bağlanılması üçün müraciət edən şəxs və ya sahibkarlıq krediti almaq üçün müraciət edən rezident sahibkar;”;

2.3. 2.1.3-cü və 6.1.4-cü yarımbəndlərdə “kredit almaq istəyən şəxs” sözləri “ərizəçi” sözü ilə əvəz edilsin və 2.1.3-cü yarımbəndə “qiymətləndirici” sözündən sonra “və bu Əsasnamənin 8.2-1-ci bəndinə münasibətdə Fond” sözləri əlavə edilsin;

2.4. 2.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.5. dosye – elektron sistem istifadəçilərinin yaratdığı və ərizəçinin bu Əsasnamə ilə tələb olunan məlumatlarını əks etdirən sənədlər toplusu.”;

2.5. 3.1-ci bənddə “ipoteka və sahibkarlıq kreditlərinə” sözləri “Fondun həyata keçirdiyi xidmətlərə” sözləri ilə və “kredit almaq istəyən şəxslər” sözləri “ərizəçilər” sözü ilə əvəz edilsin;

2.6. 4.5-ci bəndin ikinci cümləsində “6.1.3-cü” sözləri “6.1.3-1-ci” sözləri ilə əvəz edilsin, üçüncü cümləsinə və 7.0.13-cü yarımbəndə “məlumatların” sözündən sonra “, o cümlədən kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların” sözləri əlavə edilsin;

2.7. 6.1.1-ci yarımbəndə “ipoteka kreditləri üzrə təminatların” sözlərindən sonra “verilməsi, kirayə müqaviləsinin bağlanılması” sözləri əlavə edilsin;

2.8. aşağıdakı məzmunda 6.1.3-1-ci yarımbənd əlavə edilsin:

“6.1.3-1. satmaq öhdəliyi ilə kirayəyə verilməsi məqsədilə Fondun mülkiyyətində olan yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması, o cümlədən kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi;”;

2.9. 6.1.5-ci yarımbəndə “müvəkkil bank” sözlərindən sonra “, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxslərin isə Fond” sözləri əlavə edilsin;

2.10. 6.1.6-cı yarımbənddə “kredit almaq istəyən şəxsin müvafiq olaraq” sözləri “ərizəçinin müvafiq olaraq Fonda və ya” sözləri ilə əvəz edilsin;

2.11. 6.1.7-ci yarımbəndə “ipoteka kreditləri üzrə təminatların” sözlərindən sonra “verilməsi, kirayə müqaviləsinin bağlanılması” sözləri əlavə edilsin və həmin yarımbənddə “6.2-ci və 6.3-cü” sözləri “6.2-6.3-cü” sözləri ilə əvəz edilsin;

2.12. aşağıdakı məzmunda 6.1.7-1-ci yarımbənd əlavə edilsin:

“6.1.7-1. kirayə müqaviləsinin bağlanılması üçün qeydə alınmış müraciətlərə və kirayə müqaviləsi bağlamaq üçün müraciət edən şəxsin imkanına uyğun olaraq, növbəlilik əsasında yaşayış sahələrini seçmək imkanının yaradılması və seçilmiş yaşayış sahələrini digər şəxslərin seçməsi imkanının məhdudlaşdırılması;”;

2.13. 6.1.8-ci yarımbəndə “sığorta ödənişlərinin,” sözlərindən sonra “kirayə müqaviləsi üzrə aylıq ödənişlərin,” sözləri əlavə edilsin;

2.14. aşağıdakı məzmunda 6.2-1-ci bənd əlavə edilsin:

“6.2-1. Kirayə müqaviləsinin bağlanılması ilə əlaqədar aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir:

6.2-1.1. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;

6.2-1.2. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;

6.2-1.3. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;

6.2-1.4. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin ailə tərkibi barədə məlumatlar;

6.2-1.5. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;

6.2-1.6. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin kredit bürolarında saxlanılan məlumatları;

6.2-1.7. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin sosial sığorta ödənişləri barədə məlumatlar;

6.2-1.8. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin məhkumluğunun olması (olmaması) barədə məlumatlar;

6.2-1.9. satmaq öhdəliyi ilə kirayəyə veriləcək yaşayış sahələri ilə bağlı ünvan reyestrindən məlumatlar.”;

2.15. 6.3.10-cu yarımbənddə “kredit almaq istəyən şəxsin” sözləri “sahibkarın (fərdi sahibkarın və ya qanuni təmsilçisinin)” sözləri ilə əvəz edilsin;

2.16. 6.5-ci bənddə “6.2-ci və 6.3-cü” sözləri “6.2-6.3-cü” sözləri ilə əvəz edilsin;

2.17. aşağıdakı məzmunda 8.1-1-ci bənd əlavə edilsin:

“8.1-1. Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxslər aşağıdakı istifadə imkanlarına malikdirlər:

8.1-1.1. elektron kabinet yaratmaq;

8.1-1.2. kirayə müqaviləsini bağlamaq üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumat almaq;

8.1-1.3. kirayə müqaviləsi bağlamaq imkanını kirayə kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirmək;

8.1-1.4. Fonda elektron müraciəti real vaxt rejimində göndərmək;

8.1-1.5. kirayə müqaviləsi üzrə ödənişləri elektron formada həyata keçirmək;

8.1-1.6. axtarış sistemi vasitəsilə yaşayış sahələrini bu Əsasnamənin 6.1.3-1-ci yarımbəndində müəyyən edilmiş meyarlara əsasən axtarmaq və imkanına uyğun yaşayış sahəsini seçmək.”;

2.18. 8.2.4-cü və 8.4.4-cü yarımbəndlərdə (hər iki halda) ismin müvafiq hallarında “kredit işi” sözləri ismin müvafiq hallarında “dosye” sözü ilə əvəz edilsin;

2.19. aşağıdakı məzmunda 8.2-1-ci bənd əlavə edilsin:

“8.2-1. Kirayə müqaviləsinin bağlanılması üzrə Fond aşağıdakı istifadə imkanlarına malikdir:

8.2-1.1. kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxslərin müraciətlərini növbəlilik əsasında qeydiyyata almaq, müraciət edən şəxslə münasib görüş vaxtını təyin etmək;

8.2-1.2. kirayə müqaviləsinin bağlanılması ilə bağlı müvafiq qərar qəbul edildiyi gün bunu müraciət edən şəxsə bildirmək;

8.2-1.3. kirayə müqaviləsi bağlamış şəxslərin dosyesini yaratmaq, redaktə etmək, dosye üzrə sənədlərin surətlərini elektron sistemə daxil etmək;

8.2-1.4. satmaq öhdəliyi ilə kirayəyə verilməsi məqsədilə mülkiyyətində olan yaşayış sahələri barədə məlumatı elektron sistemə daxil etmək;

8.2-1.5. kirayə müqaviləsinin bağlanılması üçün tələb olunan və bu Əsasnamənin 6.2-1-ci bəndində nəzərdə tutulmuş məlumatları almaq;

8.2-1.6. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.”;

2.20. 8.5.1-ci yarımbənddə “kredit almaq istəyən şəxslər” sözləri “ərizəçi” sözü ilə və 9.5-ci bənddə “Kredit almaq istəyən şəxslər” sözləri “Ərizəçi” sözü ilə əvəz edilsin;

2.21. 9.4-cü bənddən “fərdi məlumatlar sahəsində” sözləri çıxarılsın;

2.22. 9.6-cı bənddə “ərizəçinin” sözü “elektron sistemin digər istifadəçisinin” sözləri ilə əvəz edilsin;

2.23. 10.3-cü bəndə “ipoteka kreditləri üzrə təminatların” sözlərindən sonra “verilməsinə, kirayə müqaviləsinin bağlanılmasına” sözləri əlavə edilsin.

3. “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 78) 3-cü hissəsinə “Fondu” sözündən sonra “bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üzrə vətəndaşlara göstərilən xidmətlərin “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilməsini təşkil etsin və” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2019-cu il.

Son xəbərlər
Digər xəbərlər