6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan turizmi bazara niyə müasir vasitələrlə çıxa bilmir?

Hər bir sahədə olduğu kimi, turizmdə də uğur qazanmaq, bu sahəni inkişaf etdirmək üçün müasir vasitələrdən istifadə olunması vacibdir.

Bu baxımdan onlayn rezervasiya və rəqəmsal marketinq xüsusi qeyd olunmalıdır.

Bununla belə, təcrübə göstərir ki,Azərbaycan turizmi bazara çıxmaq üçün müasir vasitələrdən elə də istifadə etmir, məhsul və xidmətlərini kor-koranə təqdim edir.

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi deyir ki, Azərbaycanda turizm sektorunun inkişafı üçün onlayn rezervasiya və rəqəmsal marketinq sahəsində ciddi islahatlar və yeni yanaşmalar tələb olunur: “Bu prosesdə yerli bazarın mənafeyinin qorunması, rəqabət qabiliyyətinin artırılması və turizm obyektlərinin daha geniş onlayn təmsil olunması kimi məsələlər əsas prioritetlərdir. Turizm obyektlərinin onlayn rezervasiya sistemlərində, xüsusən də “Booking”, “Airbnb” kimi platformalarda kifayət qədər təmsil olunmaması və rəqəmsal marketinq sahəsində çatışmazlıqların olması sektorda irəliləyişə mane olur”.

Bununla yanaşı, onun fikrincə, əldə olunan gəlirin 25-35%-ni onlayn platformalara xərcləməkdənsə, yerləşdirmə vasitələri və turizm şirkətləri arasında əməkdaşlığın artırılması daha məqsədəuyğundur: “Bu yanaşma, turizm fəaliyyətlərinin tənzimlənməsi, sivil biznesin formalaşması, xarici xərclərdən qaçaraq digər metodlardan istifadə edilməsi və yerli bazarın mənafelərinin qorunması kimi məsələləri əhatə edir. Azərbaycanda turizm sektorunda parakəndəlik hökm sürür və internet üzərindən satış kanalları olan bir sıra onlayn səyahət agentlikləri və qlobal distribusiya Sistemləri mövcuddur. Məsələn, “Amadeus”, “Expedia”, “Ostrovok”, “Airbnb”, “Bronevik” kimi populyar resurslar bu kanallara daxildir. Lakin yüksək ulduzlu hotellər seqmentində satış kanallarının tənzimlənməsi sistem şəklində həyata keçirilir və bu iş üçün müvafiq əməkdaşlar ayrılır, departament yaradılır. Bunun əksinə olaraq, aşağı ulduzlu hotellər və digər yerləşdirmə vasitələri seqmentində satış kanallarının qurulması zəifdir və tez-tez səhvlərlə, hətta bəzi hallarda dələduzluqla müşahidə olunur”.

“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” (ATAA) İctimai Birliyinin sədri Göydəniz Qəhrəmanov isə deyir ki, yerli hotellərin əksəriyyəti onlayn rezervasiya saytlarında qeydiyyatdan keçib: “Bu sahədə bir çətinlik olmamalıdır. Əgər belə bir çətinlik varsa, bu, hotellərin qeyri-peşəkar yanaşmasıdır. Çünki hotellərin çoxu bilir ki, bu sistemlər var, onların üzərindən elanlar verə və satışlarını həyata keçirə bilərlər. Bu onlayn şirkətlərin Azərbaycanda nümayəndəliyinin olması, onların burada qeydiyyatda olması daha məqsədəuyğundur. Çünki xaricdə qeydiyyatda olmaq sağlam rəqabəti bir az pozur. Odur ki, həlli yolu onlayn aqreqatorların Azərbaycanda qeydiyyatdan keçməsidir. Bu halda imkanlar və şərait hamı üçün eyni olacaq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər