6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanla Türkiyə arasında yeni qaz sazişi əldə olunub

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində Azərbaycandan Türkiyəyə qazın nəqli bir neçə vaxtdır bərpa olunub.

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Xatırladaq ki, “Şahdəniz-1” layihəsi çərçivəsində qazın nəqli üzrə müqavilə 2001-ci ildə əldə edilib və onun müddəti bu ilin aprelin 16-da bitib. Müqavilənin müddətinin bitməsindən sonra “Şahdəniz-1” çərçivəsində Azərbaycandan Türkiyəyə qazın nəqli dayandırılmışdı.

İ. Əhmədovun sözlərinə görə, hazırda Türkiyəyə qazın nəqli ilə bağlı yeni müvafiq saziş qüvvədədir.

İ. Əhmədov sazişlə bağlı təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, “Şahdəniz-1″dən qazın nəqlinin müvəqqəti dayandırılmasına baxmayaraq, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi (“Şahdəniz-2” – red.) çərçivəsində qazın nəqli tam şəkildə davam etdirilib.

“Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr (Trans-Adriatik kəməri (TAP) vasitəsi ilə – red.) qazın nəqli nəzərdə tutulub.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Əlavə etmək lazımdır ki, ötən ilin dekabrın 31-də Azərbaycan Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP vasitəsi ilə Avropaya qazın ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər