-3 C
Baku
Sunday, December 15, 2024

Azadlıq və inkişaf…

Müəllif: Embawood: Strateji İdarəetmə Qrupunun rəhbəri və Qafqaz Universiteti Marketinq müəllimi Cəbrayıl Vəliyev

İnsan inkişafı, fərdlərin ən ümdə ehtiyaclarını qarşılaya bilmələrini, sağlam bir mühitdə dünyaya gəlmələrini və böyümələrini, təhsil yolu ilə özlərinin və mənsub olduqları ictimaiyyətin inkişafına dəyər qatmalarını ifadə edir. Bütün bu faktorlar həyat səviyyəsinin göstəriciləri kimi qəbul edilir.

Məhz insan inkişafı həyat səviyyəsinin yaxşı olmasından asılıdır. Bununla əlaqədar olaraq, iqtisadiyyat üzrə Nobel mükafatı sahiblərindən biri olan Amartya Sen, inkişaf anlayışının sadəcə ümum daxili məhsulda meydana gələn bir artım olaraq qəbul edilmədiyini və bu cür yanaşmanın inkişaf və artım anlayışlarının qarışdırılmasına gətirib çıxaracağını söyləmişdir. İnkişafın əslində “gözəl bir həyat” ilə daha çox əlaqəli olduğunu müdafiə etmişdir.

Sen hər hansı bir fərdin yaxşı vəziyyətdə var olması üçün fərdin var olma, ya da nə isə hərəkətə keçirmə, ifa etmə funksiyasının inkişafının vacib olduğunu qeyd edir. Bu funksiyaların inkişafı isə fərdə fərqli faktorlar arasından istədiyini azad şəkildə seçməsini təmin edir.

Azadlıq eyni zamanda fərdin bacarıqlarının inkişaf etməsi və etdirilməsi ilə sıx əlaqəlidir. A.Sen inkişaf anlayışını şərtlərin və fürsətin fərdlər üzərində hökm etməsi ilə deyil, fərdlərin şərtlər və fürsət üzərində hökm etməsi ilə meydana çıxacağını müdafiə edir.

Bəli, bir cəmiyyətdə əgər daha çox şərtlər, fürsətlər, şanslar insanların hərəkət etməsinin əsas dayaq nöqtələri olarsa, sistemsizlik, qeyri-müəyyənlik, gələcəyə pessimist baxış daha üstün olacaqdır! Özünü inkişafın əsasını təşkil edən təhsilə baxış mövqeyi zəifləyəcəkdir. Pessimist düşüncə tərzinin nəticəsi olaraq hərəkətsizlik, fəaliyyətsizlik artacaqdır. Asılılıq, nəyəsə və ya kimlərəsə bağlı olmaq, kimlərdən isə asılı olmaq artacaqdır. Azad, sərbəst fikir yürütmə azalacaqdır. Cəmiyyətdə ətalət öz sözünü deyəcək və müsbət dəyişikliyə can atmaq istəyi zəifləyəcəkdir!

İnsanların fikri arxa plana atılacaq, pərakəndə şəklə salınacaq və müəyyən həmrəy düşüncələrin formalaşması zəifləyəcəkdir! İnsanlar öz gələcək yönlü fəaliyyətlərində əldə etdikləri bilgi, təcrübə habelə mövcud qanun və qaydalar artıq istifadə edilmədiyi üçün lüzumsuz sayılacaq və bu da cəmiyyətdə inamsızlığa və şərtlərlə yaşamağa səbəb olacaqdır. Halbuki şərtlər və fürsətlər insanlar tərəfindən onların fəaliyyəti ilə (cəmiyyətin bütünü ilə) yaradılmalıdır! Bu mənzərə mənə çox tanışdır…

Dəyişməsi ümidi ilə…

Son xəbərlər
Digər xəbərlər