8 C
Baku
Thursday, December 12, 2024

“Bloomberg”: İsrailin Qəzzaya hərbi müdaxiləsi altı ayadək davam edə bilər

İsrailin Qəzza zolağına hərbi müdaxiləsi altı həftədən altı aya qədər davam edəcək, bu barədə adı açıqlanmayan hökumət rəsmilərinə istinadən “Bloomberg” məlumat yayıb. Onların fikrincə, başlanmış quru hərbi əməliyyat Qəzza ilə əvvəlki münaqişələrdən fərqlənir: əgər əvvəllər məqsəd HƏMAS-a mümkün qədər çox zərər vurmaq idisə, indi İsrail hakimiyyəti onu bir təşkilat olaraq məhv etmək və Qəzza zolağının heç bir ölkəyə qarşı olmamasına əmin olmaq istəyir.

İsrail Qəzza zolağının şimalına qoşun və tanklar göndərib. Ölkə hakimiyyəti HƏMAS-la müharibənin bu hissəsini Fələstin qruplaşmasına qarşı kampaniyanın ikinci və daha uzun mərhələsi adlandırıb. Kütləvi torpaq işğalı əvəzinə hərbçilər asta irəliləməyə üstünlük verirlər. “Bloomberg” yazır ki, ABŞ və digər müttəfiqlər İsraili hədəflərində daha konkret olmağa və bundan sonra nələr olacağına dair planı müəyyən etməyə məcbur edirlər.

İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 28-də keçirdiyi mətbuat konfransında deyib ki, quru əməliyyatı girovların azad edilməsini yaxınlaşdıracaq – bu, HƏMAS liderlərinə təzyiq göstərəcək.

İsrailin hərbi kəşfiyyatının keçmiş direktoru Amos Yadlin konfrans zamanı jurnalistlərə bildirib ki, İsrailin hədəflərinə ümumilikdə 30 minə yaxın HƏMAS nümayəndəsindən 10 minini öldürmək daxildir.

Oktyabrın 29-na keçən gecə İsrail ordusu Qəzza zolağının şimalına yerləşdirdiyi qoşunların sayını artırıb, İsrail silahlı qüvvələrinin sözçüsü Daniel Həcəri bildirib. Onun sözlərinə görə, yeni bölmələr artıq Qəzzada fəaliyyət göstərənlərə qoşulub. Quruda əməliyyatlar davam edir: İsrail planlaşdırıldığı kimi müharibənin mərhələlərini keçir, qurudakı fəaliyyətini və Qəzzada qüvvələrinin sayını tədricən artırır, Həcəri deyib. O, qurudakı əməliyyatların mürəkkəb olduğunu və İsrail qüvvələri üçün risklərin olduğunu etiraf edib.

Oktyabrın 7-də İsraillə Fələstinin HƏMAS hərəkatı arasında qarşıdurma kəskinləşib. İsrail hakimiyyətinin məlumatına görə, hücumda 1400-dən çox adam həlak olub. İsrail Qəzza zolağına hava zərbələri də daxil olmaqla cavab əməliyyatlara başlayıb. HƏMAS-ın nəzarətində olan anklavın Səhiyyə Nazirliyi Fələstin tərəfində 8000-dən çox insanın həlak olduğunu iddia edir.

Son xəbərlər
Digər xəbərlər