BMT Rusiya Prezidenti Putini Ukraynadan taxıl ixracı üçün Qara dənizdə limanları açmağa çağırıb.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli CNN-ə bildirib.
Rusiya Prezidentinə müraciət edən BMT rəsmisi deyib ki, Rusiya Ukrayna limanlarını bağladığı üçün dünyada milyonlarla insan öləcək: “Bu limanların blokadaya alınması səbəbindən dünyada milyonlarla insan öləcək. Əgər Ukraynaya münasibətinizdən asılı olmayaraq, dünyanın qalan hissəsi üçün ürəyiniz yanırsa, o limanları açmalısınız”.
Devid Bisli son vaxtlar ixracının 40 faizdən çoxunu kənd təsərrüfatına yönəldən Ukrayna iqtisadiyyatında fəlakətin qarşısını almaq üçün Rusiyanın müntəzəm bombardmanına məruz qalan Odessa və digər limanların yaxın 60 gün ərzində fəaliyyətə başlamasının lazım olduğunu vurğulayıb.
“Əgər liman problemini həll etməsəniz və bu limanlar açılmasa, Ukrayna iqtisadiyyatı tamamilə çökəcək”, – o bildirib.
Qeyd edək ki, Afrika və digər regionlardakı yoxsul ölkələrin Rusiyanın Ukraynaya hücumu nəticəsində yaranan ərzaq qıtlığına qarşı xüsusilə həssas olduğu vurğulanır.
ABŞ hökuməti bildirir ki, Ukrayna qarğıdalı, buğda və arpa da daxil olmaqla bir sıra mühüm kənd təsərrüfatı məhsulları üzrə dünyanın ilk beşlikdə olan ixracatçılarından biridir, həm də günəbaxan yağı və unun əsas ixracatçısıdır.