“Boeing” Korporasiyası “737 MAX” təyyarələri üçün proqram təminatını yeniləyib, bunun əsas məqsədi təyyarənin idarəetmə sistemindəki nasazlıqları aradan qaldırmaqdan ibarətdir. Banker.az xəbər verir ki, bu haqda mənbələrə istinadən Reuters xəbər verir.
Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında İndoneziyada və 2019-cu ilin mart ayının 10-da Efiopiyada “Boeing 737 MAX” təyyarələrin qəzası baş vermişdir. Gələcəkdə bu kimi halların qarşısını almaq məqsədilə, “Boeing 737 MAX” təyyarələrinin proqram təminatında müəyyən dəyişiklər edilmişdir. Yeni sistem pilotlar üçün daha geniş fəaliyyət azadlığını nəzərdə tutur. Daha əvvəl “737 MAX” modellərdə təyyarənin uçuş bucağını müəyyən edəcək xüsusi qurğuların yerləşdirilməsi barədə məlumat əldə edilmişdir.
Federal Aviasiya İdarəsi (FAA) qeyd edir ki, yeni proqram təminatı hələki sınaqdan keçirilməyib və sertifikasiya olunmayıb.
“American Airlines Group Inc.” pilotlarını təmsil edən “Allied” Assosiasiyası, təhlükəsizlik sisteminin təkminləşdirilməsinə yönəlmiş tədbirlərdən razı qaldığını bildirib. Proqram təminatında edilmiş düzəlişlər tam olaraq sınaqdan keçməli və Efiopiyada baş vermiş hadisənin araşdırılması ilə bağlı üzə çıxan əlavə informasiyanı nəzərə almalıdır.