10 C
Baku
Thursday, December 12, 2024

BP “Xankəndi” gəmisinin istismarı və texniki xidməti üzrə yeni müqavilə imzalayıb

BP Xəzər dənizində apardığı əməliyyatlara dəstək üçün “Xankəndi” sualtı tikinti gəmisinin istismarı və texniki xidməti üzrə yeni müqavilə imzalayıb.

“BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, dəyəri 300 milyon ABŞ dollarından artıq olan bu müqavilə “Saipem Contracting Netherlands B.V.” və onun tərəfdaşları olan “BOS Shelf LLC” və “BOS Shelf International FZCO” şirkətlərindən ibarət konsorsiumla imzalanıb.

Müqavilə 2022-ci ildə başlamış rəqabət əsaslı tender prosesinin nəticəsində verilib və BP-nin və tərəfdaşlarının Xəzərdə dəniz əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini daha da artırmaq üçün düşünülmüş vahid gəmi strategiyasının məqsədlərinə uyğundur.

Müqavilənin iş həcminə “Xankəndi” gəmisinin ümumi operatorluğu və gəmiyə texniki xidmət, sualtı tikinti və quraşdırma fəaliyyətləri, sualtı müayinə, texniki xidmət və təmir işləri, BP-nin idarə etdiyi bütün obyektlər, sualtı boru kəmərləri və hasilat sistemi infrastrukturlarında ilk cavab tədbiri imkanının təmin olunması, habelə yataqların istismar müddətində tələb olunan xidmətlər üçün dəniz bazası dəstəyi daxildir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda layihələr üzrə vitse-prezidenti Kahal Kelli iki ildən artıq davam edən bu mürəkkəb tender prosesini uğurla başa çatdırmağımızdan çox məmnun olduğunu bildirib. Onun sözlərinə görə, bu müqavilə BP və tərəfdaşlarının məhz vahid gəmi strategiyasından istifadə etmələri üçün düşünülüb: “Bu o deməkdir ki, bundan sonra “Xankəndi” gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işlərimiz və fövqəladə hallara cavab tədbirlərimiz üçün əsas gəmi kimi istifadə olunacaq və bu da əməliyyatlarımızı daha təhlükəsiz və daha səmərəli edəcək. Bu geniş tender əməliyyatının aparılmasında və uğurla başa çatdırılmasında iştirak edən bütün insanlara minnətdarlığımı bildirir və çəkdikləri zəhmətə görə təşəkkür edirəm.”

Müqavilə ilkin olaraq üç il müddətinə (əlavə iki ilədək uzadılma imkanı ilə) imzalanıb.

Qeyd edək ki, “Xankəndi” – Xəzər dənizinin 378 milyon ABŞ dolları dəyərində olan yeni flaqman gəmisidir və 2017-ci ilin sentyabr ayında istismara verilib. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq “Şahdəniz-2” layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilmiş və inşa edilib.

Ən müasir sualtı hasilat texnologiyasını quraşdırmağa qadir olan bu mürəkkəb və əsl çoxfunksiyalı gəmi SOCAR, “Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) və “Keppel O&M” şirkətinin yaratdığı birgə müəssisə olan Bakı Gəmiqayırma Zavodunda layihələndirilib və inşa edilib.

Gəminin uzunluğu 155 metr, eni 32 metr və əsas göyərtə sahəsi isə 2000 kv.metr təşkil edir. Gəminin ümumi çəkisi 17 600 tondur və suya oturumu 6.5 metr olmaqla daşıma gücü 5 000 metrik ton təşkil edir. Gəmidə 6 ədəd 4.4 MVt və 2 ədəd 3.2 MVt gücündə generatoru olan iki mühərrik bölməsi var. O, 3.5 metr hündürlüyündə dalğalarda (Hs) fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək dərinlikdə sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kran, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan sualtı aparat və möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası ilə təchiz edilib. “Xankəndi” gəmisi lövbərlərə heç bir ehtiyac olmadan ən mürəkkəb işləri həyata keçirə bilər. Gəmi heyəti və mütəxəssislər də daxil olmaqla “Xankəndi” gəmisinin göyərtəsi maksimum 175 nəfər üçün nəzərdə tutulub. Gəminin işçilərinin əksəriyyəti yerli mütəxəssislərdir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər