Braziliya və Argentina yaxın günlərdə vahid valyuta yaratmağa hazırlaşdıqlarını açıqlayacaqlar. Bu barədə Argentinanın iqtisadiyyat naziri Serxio Massa məlumat yayıb.
“Financial Times” nəşrinin bildirdiyi kimi, vahid valyuta yaratmaq planı Buenos-Ayresdə keçiriləcək sammitin mühüm mövzusu olacaq. Argentina və Braziliya nümayəndələri ortaq valyutanın dövlətlərə təqdim edəcəyi yeni imkanları müzakirə edəcəklər. Bildirilir ki, Braziliya tərəfi pul vahidinin “sur” (cənub) adlandırılmasını təklif edib.
Gələcəkdə bu təşəbbüs Latın Amerikasının digər ölkələrinə də yayıla bilər. Layihənin dövlət başçıları tərəfindən rəsmi təsdiqi Braziliya prezidenti Luis İnasio Lula da Silvanın Argentinaya səfəri zamanı baş verə bilər.
Xatırladaq ki, vahid valyutanın yaradılması ideyası hələ 2019-cu ildə Argentina və Braziliya nümayəndələri tərəfindən elan edilmişdi. Lakin həmin anda layihə Braziliya Mərkəzi Bankının müqaviməti ilə üzləşib. Mütəxəssislərin fikrincə, vahid valyutanın yaradılmasından ən çox Argentina faydalana birlər. Belə ki, ölkənin milli valyutası son illər sürətlə ucuzlaşır. Argentinada illik inflyasiya demək olar ki, 100%-ə çatır.