Dünya fond bazarları Böyük Britaniyada keçirilmiş referendumdan (“Brexit”) sonra aktivlərin satışında yaşanan ajiotaj nəticəsində iki gün ərzində rekord məbləğdə – 3 trilyon dollar itiriblər. Bu barədə Trend “Financial Times” qəzetinə istinadən xəbər verir.
Bir çox investorlar referendumun bu cür nəticələrinə hazır olmayıb. “Convergex” beynəlxalq konsaltinq şirkətinin aparıcı analitiki Nikolas Kolas deyib ki, az sayda maliyyəçilər Böyük Britaniyanın Aİ-dən çıxacağını təxmin edə bilib və fond bazarlarındakı dəyişikliklər bununla bağlıdır.
Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Avropa İttifaqından (Aİ) çıxmağa səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 51,9 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.
Tövsiyə xarakterli bu referendumun nəticələri parlamentin müzakirəsinə çıxarılmalıdır və deputatlar xalqın fikri ilə razılaşmaya bilərlər.