1 C
Baku
Saturday, December 14, 2024

Dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və vergi inzibatçılığı ilə bağlı Tədbirlər Planı təsdiqlənib

Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, iclasda çıxış edən kollegiyanın sədri, vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov 2017-ci ildə Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət dinamikanı qeyd edərək, bunun Azərbaycan iqtisadiyyatında davamlı inkişafın təmin olunması istiqamətində dövlət siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyini təsdiq etdiyini bildirib.

Qeyd edilib ki, cari ilin əvvəlində vergi qanunvericiliyində və bir sıra digər qanunvericilik aktlarında edilmiş dəyişikliklər dövlət büdcəsinə vergi daxilolmalarının həcminə də müsbət təsir edib və büdcə proqnozları icra olunub. F.Məmmədov bununla yanaşı, büdcə gəlirlərinin artırılmasının davamlılığının və sabitliyinin təmin olunması üçün mövcud vergi potensialından maksimum yararlanmağın vacib olduğunu diqqətə çatdırıb.

Kollegiya iclasında əsas məruzə ilə çıxış edən büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinin icraçısı Habil Məmmədov iqtisadiyyatın ayrı-ayrı sektorları və tədiyyə növləri üzrə vergi daxilolmalarının cari vəziyyəti və vergi orqanlarının informasiya məlumat bazaları əsasında hazırlanmış təhlillər barədə məlumat verib. Bu məqsədlə cari ilin sentyabr ayı və sonrakı 3 ay üçün Tədbirlər Planının ilkin layihəsinin hazırlandığı qeyd edilib və həmin Tədbirlər Planının əsas müddəaları kollegiya üzvlərinin nəzərinə çatdırıb.

Bildirilib ki, Tədbirlər Planı 2 hissədən, 2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və həmin dövrdə vergi inzibatçılığı ilə bağlı görülməli işlərdən ibarətdir. Potensial vergi gəlirlərinin artırılması üçün borclu vergi ödəyicilərdən daxilolmaların təmin edilməsi zəruriliyi qeyd edilib, səyyar vergi yoxlamaları ilə aşkarlanmış nöqsanları növbəti hesabat dövrlərində aradan qaldırmayan vergi ödəyicilərinin müəyyən edilməsi və yayındırılmış vergilərin bərpa edilməsi üçün tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Kollegiya üzvlərinin nəzərinə çatdırılıb ki, aparılmış təhlillər ayrı-ayrı fəaliyyət sahələri üzrə vergidən yayınma hallarının hələ də mövcud olduğunu göstərir və belə sahələrdə vergi nəzarətinin artırılmasına və inzibatçılığın təkmiləşdirilməsinə ehtiyac vardır.

Tədbirlər Planı Kollegiyada ətraflı müzakirə edilib, hər bir struktur vahidi üzrə Tədbirlər Planında nəzərdə tutulan konkret vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Vergilər naziri F.Məmmədov ölkə başçısının tapşırıqlarını, qanunvericiliyə edilmiş son dəyişiklikləri nəzərə alaraq, vergi orqanlarının fəaliyyətinin düzgün qurulması sahəsində atılacaq növbəti addımın mütərəqqi üsullardan istifadə etməklə vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə ödənilməsi, real vergitutma bazasının düzgün müəyyənləşdirilərək ödəmə qabiliyyətli vergi ödəyiciləri üzrə borcların alınmasına dair işlərin sürətləndirilməsi, vergi yoxlamalarının tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, nağd hesablaşmalar aparan vergi ödəyiciləri üzrə vergidən yayınma hallarının təhlil edilərək qanunamüvafiq tədbirlərin görülməsi, vergi sahəsində həyata keçirilən inzibatçılıq tədbirlərinin səmərəliliyinin artırılması olduğunu bildirib.

Nazir vergi ödəyicilərinə xidmət strukturlarının fəaliyyətinin, vergi uçotunun dəqiqləşdirilməsi və şəffaflaşdırılması istiqamətində aparılan işlərin və qanunsuz sahibkarlıq fəaliyyətinə nəzarətin daha da gücləndirilməsinin, fəaliyyət sahələri üzrə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.

Sonda F.Məmmədov vətəndaş məmnunluğunun təmin olunmasının vergi orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu xüsusilə vurğulayaraq, vergi orqanlarının işinin müasir tələblərə cavab verən səviyyədə qurulması, cari ilin sonunadək Vergilər Nazirliyinin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verib.

Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə “2017-ci ilin sentyabr ayı və növbəti 3 ay üçün Vergilər Nazirliyi qarşısında duran vəzifələrlə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Son xəbərlər
Digər xəbərlər