6 C
Baku
Sunday, December 15, 2024

Dünyanın diqqəti Bakıda: tarixi sazişə imza atıldı

Bu gün “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalanıb. Sputnik Azərbaycan xəbər verir ki, sazişi BP, SOCAR, “Chevron”, “Inpex, “Statoil”, “ExxonMobil”, TPAO, “Itochu” və “ONGC Videsh Ltd.” OVL şirkətlərinin rəhbərləri imzalayıblar.

Mərasimdə çıxış edən prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür: “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır. Bu gün imzalanan müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var”.

“Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25%-ə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək” — dövlət başçısı bildirib.

O, qeyd edib ki, “Əsrin müqaviləsi” imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq ehtiyatlar proqnozları üstələdi: “Hazırda “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş 500 milyon ton neft var”.

“2012-ci ildə Türkiyədə TANAP layihəsinə imza atıldı. 2013-cü ildə isə TAP layihəsi qaz kəməri kimi seçilib. “Səngəçal” dünyada ən böyük neft-qaz terminalıdır. Azərbaycanda neft platformaları tikilir. Bunlar “Əsrin müqaviləsi”nin Azərbaycana verdiyi faydalardır. Dövlət Neft Fondu bizim üçün böyük bir amildir. Neftin qiymətinin düşməsi də bizi yolumuzdan döndərə bilmədi. Biz valyuta ehtiyatlarımızı artırırıq. “Şahdəniz”, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçməsi ilə valyuta ehtiyatlarımız daha da artacaq” — İlham Əliyev vurğulayıb.

Dünyada ilk dəfə quruda sənaye üsulu ilə Azərbaycanda neft quyusu qazıldığını, dənizdə ilk dəfə neft çıxarıldığını nəzərə çatdıran prezident, uğurların əldə olunmasında Azərbaycan neftçilərinin böyük xidmətləri olduğunu söyləyib. ARDNŞ-də 9 il çalışmış şəxs kimi həm də özünü neftçi hesab etdiyini bildirən dövlət başçısı qarşıdan gələn peşə bayramı münasibəti ilə neftçiləri təbrik edib.

Mərasimdə çıxış edən BP prezidenti Robert Dadli bildirib ki, “Əsrin müqaviləsi” Heydər Əliyevin əməyinin bəhrəsidir: “Yeni həyat məhz o dövrdən başladı”.

“Bu saziş tərəfdaşlığın yeni səhifəsini açacaq. Biz saziş çərçivəsində 40 milyard dollardan çox sərmayə qoyaraq əməkdaşlığımıza davam edəcəyik. Biz bu günlərdə böyük əhəmiyyət daşıyan “Xankəndi” gəmisini istismara verdik. Bizim Azərbaycan qarşısındakı öhdəliklərimiz nəhəng platformalarla, gəmilərlə bitmir. Biz təhsilə də dəstək verir, bu sahədə layihələr həyata keçiririk. Eyni zamanda regionlarda biznesə dəstək verməklə icmaların inkişafını dəstəkləyirik. Biz Azərbaycan Milli Olimpiya və Paralimpiya komitələrinə dəstək verir. Bizim əməkdaşlıq uğurla davam edəcək” — Dadli vurğulayıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün Azərbaycan üçün əlamətdar bir gündür: “Bu gün bizə “Əsrin Müqaviləsi”nin imzalandığı vaxtı xatırladır. O dövrün çətin siyasi və iqtisadi şəraitinə baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin gərgin səyləri nəticəsində AÇG üzrə ilk müqavilənin imzalanması ilə Azərbaycanın sonrakı iqtisadi inkişafının təməli qoyulub. 1994-cü ildə ilk müqavilə imzalanandan bəri AÇG-yə 33 mlrd. dollar sərmayə qoyulub və 440 mln. ton neft hasil edilməklə ölkəmiz 125 mlrd. dollardan çox birbaşa mənfəət əldə edib”.

“Bu gün SOCAR ilə tərəfdaş şirkətlər arasında aparılan danışıqlara yekun vuraraq, razılaşdırılmış şərtlər əsasında AÇQ layihəsi üzrə 2049-cu ilin sonunadək davam edəcək yeni müqaviləni imzaladıq. Yeni müqavilənin şərtləri Milli Məclis tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minir ki, bununla da növbəti 32 il ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracağıq. Yeni müqavilənin şərtləri ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir və artıq reallıq olan tərəfdaşlığımızı yeni müstəviyə qaldırır” — Abdullayev diqqətə çatdırıb.

Qeyd edək ki, hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. artıq sərmayə qoyulması potensialı var.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; AzACG (SOCAR)- 25%; Chevron- 9,57%; “Inpex” — 9,31%; “Statoil” — 7,27%; “ExxonMobil” — 6,79%; TPAO — 5,73%; “Itochu” — 3,65% və “ONGC Videsh Limited (OVL)” — 2,31%.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirməsi məqsədi ilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub.

Son xəbərlər
Digər xəbərlər