21 C
Baku
Monday, May 27, 2024

Əmək stajı illərinə görə hansı imtiyazlar nəzərdə tutulub?

Əmək münasibətlərində hər bir təqvim ili təcrübə deməkdir. Mövcud normalar ilk dəfə işə başlayanların əməyə münasibətinin həvəsləndirilməsi, uzun müddətli təcrübəyə sahib olanların isə əmək fəaliyyətinin dəstəklənməsinə xidmət etməlidir. Bu sağlam əmək münasibətinin formalaşdırılmasında mühüm rol oynamağa imkan verəcək tədbirlərdən sayılır. Beynəlxalq praktikaya diqqət yetirsək müəyyən edə bilərik ki, əmək fəaliyyətinə staj keçmədən başlayan hər bir işçi həmin müddət ərzində əməyə həvəsləndirilir, uzun müddətli təcrübəyə malik şəxslər isə təcrübəsi nəzərə alınmaqla irəli çəkilməyə və ya təcrübəsinə uyğun olaraq dəstək tədbirlərinə cəlb edilir.

Mövzu çərçivəsində ölkəmizdə faktiki normativlərə uyğun olaraq tənzimlənən staja uyğun işçilərə verilən imtiyazlardan başlıca olanları aşağıdakı kimi qeyd etmək istərdik.

1) İlk dəfə işə başlayanlar

– Qeyd edək ki, 18 yaşınadək şəxslər və təhsil müəssisəsini bitirdiyi ildə ixtisası üzrə ilk dəfə işə başlayan işçilərə sınaq müddəti tətbiq edilə bilməz.

Bunu məktəbəqədər və ümumi təhsil müəssisələrində ilk dəfə işə başlayanlar üçün 3 illik sertifikatlaşdırmadan azad olunmaları kimi də görmək mümkündür.

– bu kateqoriya şəxslərin ilk ilində attestasiya olunması qadağandır.

2) 18 yaşınadək şəxslər

Ölkəmizdə əmək fəaliyyətinə başlama yaşı 15 yaş olduğundan bu yaşda işə başlayan şəxslər yetkinlik yaşına çatmadıqları üçün valideynlərin razılığı tələb edilir. Bunu valideynlərin ilk xeyir-duası kimi də qeyd etmək olar.

– Bu kateqoriya şəxslər üçün qısaldılmış iş saatı tətbiq edilir. Belə ki, 16 yaşınadək şəxslər üçün 24, 16-18 yaşınadək şəxslər üçün 36 saatdan artıq olmayaraq həftəlik iş saatı tətbiq edilir.

– Məzuniyyət hüquqlarında da imtiyazlar nəzərdə tutulur. Belə ki, 16 yaşınadək işçilərə illik 42, 16-18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq məzuniyyət verilməlidir.

– Göstərilən kateqoriya üzrə ağır yük qaldırma ilə bağlı da xüsusi tələblər var. Belə ki, 16-18 yaşınadək işçilərin başqa işlə yanaşı ağırlıq qaldırması ilə bağlı nəzərdə tutulan norma əl ilə qaldırılan yük 15 kq, 1.5 metr hündürlüyə qaldırılan yük 10 kq, qadın işçilər üçün müvafiq olaraq 10 və 5 kq, bütün iş günü müntəzəm olaraq 10 kq.dan, təkərli araba ilə 15 kq.dan artıq olmayan həcmdə müəyyən edilmişdir.

– bu kateqoriya işçilər ağır işlərə, həmçinin əxlaqi kamilliyə zərər vuran (gecə klubu, bar və s) işlərə, həmçinin gecə vaxtı (20:00-07:00) işə cəlb oluna və ya ezamiyyətə göndərilə bilməz.

– İlk dəfə işə başlayanlarda olduğu kimi attestasiya oluna, o cümlədən sınaq müddətinə cəlb edilə bilməzlər.

3) 5 ilədək stajı olanlar

Bu kateqoriya şəxslər özlüyündə eyni və ya fərqli müəssisədə staj baxımından fərqlənirlər.

– eyni vəzifədə 5 ilədək stajı olan məcburi köçkün və ya qaçqın statuslu şəxslər attestasiya olunmurlar.

– ixtisar zamanı eyni işəgötürənlə bağlanmış müqavilə üzrə 1 ilədək stajı olanlara azı 2, 1-5 ilədək stajı olanlara azı 4 təqvim həftəsi əvvəl xəbərdarlıq verilməlidir. Xəbərdarlıq əvəzinə işçiyə 2 həftəlik müddətə görə orta aylıq əmək haqqının 0.5, 4 həftəlik müddətə görə isə 0.9 misli məbləğdə kompensasiya verilə bilər. Bununla yanaşı 1 ilədək stajı olan işçiyə orta aylıq əmək haqqı, 1-5 ilədək stajı olanlar üçün isə orta aylıq əmək haqqının 1.4 misli məbləğdə işdən çıxarma müavinəti ödənilməlidir.

– minimum iş stajı 1 ildən az olmayan işçilər üçün işsizlikdən sığorta ödənişi üzrə əlavələr müəyyən edilmişdir.

– əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət orta aylıq əmək haqqının 60%-i həcmində ödənilir.

– məzuniyyət hüququ 6 aylıq stajdan sonra yaranır.

– vahid tarif ixtisas sorğu kitabçasına əsasən 5 ildən az olmayaraq çalışan şəxslər üçün əvvəlki ödəniş dərəcələri dəyişdirilir.

4) 5-10 ilədək stajı olanlar

– 5 il ardıcıl müddətdə bağlanmış müqavilə müddətsiz müqaviləyə çevrilməlidir.

– 5 il stajı tamam olduqdan sonra işçiyə hər təqvim ili üzrə əlavə iki məzuniyyət günü verilməlidir.

– 8 ildən çox stajı olanlar üçün əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət orta aylıq əmək haqqının 80%-i həcmində ödənilir.

– ixtisar zamanı xəbərdarlıq müddəti 6 təqvim həftəsi əvvəl verilir. Xəbərdarlıq əvəzinə kompensasiya orta aylıq əmək haqqının 1.4 misli, işdən çıxarma müavinəti isə 1.7 misli məbləğdə ödənilməlidir.

5) 10 ildən çox stajı olanlar

– 10 illik stajı tamam olduqdan sonra hər təqvim ili üzrə əlavə 4, 15 illik stajı tamam olduqdan sonra isə əlavə 6 məzuniyyət günü verilməlidir.

– 12 ildən çox stajı olanlar üçün əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət orta aylıq əmək haqqının 100%-i həcmində ödənilir.

– ixtisar zamanı xəbərdarlıq müddəti 9 təqvim həftəsi əvvəl verilir. Xəbərdarlıq əvəzinə kompensasiya orta aylıq əmək haqqının 2 misli, işdən çıxarma müavinəti isə 2 misli məbləğdə ödənilməlidir.

– işçilərin 3, elmi işçilərin 5 ildə bir dəfə attestasiya olunması hallarını nəzərə alaraq, eyni vəzifədə azı 3 dəfə attestasiya olunmuş şəxslərin attestasiya olunması qadağandır.

Bununla yanaşı qeyd etmək mümkündür ki, başda dövlət qulluğu olmaqla hüquq-mühafizə orqanlarında və hərbi xidmətkeçmədə, o cümlədən bəzi xidmət sahələrində qulluq stajına görə işçiyə əlavə əmək haqqının verilməsi nəzərdə tutulmuşdur. Mövzu çərçivəsində nəzərə almaq lazımdır ki, 15 yaşından 65 yaşınadək əmək fəaliyyətinə icazə verilməsi baxımından əmək stajının 20 ildən yüksək olduğu şəxslər üçün əməyə bağlılığı motivasiya etmək, işgüzar münasibətlərin həvəsləndirilməsi və təcrübələrin uğurlu istifadəsinə şərait yaradılması üzrə tədbirlərin artırılması məqsədəuyğundur.

Müəllif: Şəhriyar Həbilov

Son xəbərlər
 ⁠
Digər xəbərlər