Xəbər verdiyimiz kimi, Energetika naziri Pərviz Şahbazov özünə yeni müşavir təyin edib. Bu, Vüsal Musayevdir.
O, 1987-ci ildə Naxçıvan MR-da anadan olub. Orta təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitenin “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bakalavr təhsili alıb.
Bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” xətti ilə 2009-2010-cu illərdə Böyük Britaniyada “Royal Holloway College, University of London”da davam etdirib və fərqlənmə diplomu ilə magistr təhsilini başa vurub.
O, 2010-2014-cü illərdə “University of London”da aspirantura/doktorantura dərəcəsi üzrə təhsilini davam etdirərək, 2014-cü ildə İqtisad Elmləri üzrə London Universitetinin Doktoru elmi dərəcəsi üzrə akademik tezisini müdafiə edib və 2015-ci ildə 27 yaşında İqtisad Elmləri üzrə London Universitetinin doktoru dərəcəsi ilə təltif edilib.
Dr.Musayev doktorantura dərəcəsi üzrə təhsil aldığı dövr ərzində “London School of Economics and Political Science (LSE)” (qonaq qismində), “University College London (UCL)” və “Royal Holloway, University of London” kimi universitetlərdə araşdırma və eyni zamanda tədris əməkdaşı qismində fəaliyyət göstərib və fəaliyyəti çərçivəsində doktorantura, maqistr və bakalavr pilləri üzrə Ekonometrika, Maliyyə İqtisadiyyatı, Quantitativ Metodlar, Beynəlxalq Ticarət, Quant İqtisadiyyatı və Ekonometrika, İqtisadi Təhlil və s. kimi fənlərdən mühazirə və seminar dərslərini tədris edib.
O həmçinin “University of Oxford” və “University of Cambridge” kimi dünyanın ən qabaqcıl universitetlərində müvafiq olaraq, “İqtisadi Proqnozlaşdırma” və “Makroiqtisadi Modelləşdirmə və Proqnozlaşdırma” istiqamətləri üzrə ixtisas artımı proqramlarını müvəffəqiyyətlə başa vurub. Eyni zamanda, yanvar 2013-cü il tarixindən etibarən Böyük Britaniya Ali Təhsil Akademiyasının 1-ci dərəcəli müxbir üzvüdür. “Royal Economic Society” və “European Economic Association” kimi beynəlxalq nüfuza malik assosiasiyaların çətiri altında keçirilmiş bir sıra mötəbər beynəlxalq akademik konfranslarda əsas məruzəçi olaraq çıxış edib.
Beynəlxalq reytinqli mötəbər akademik jurnallarda və eyni zamanda Azərbaycan qəzet və jurnallarında nəşr olunmuş bir sıra məqalələrin müəllifidir. Publikasiyaları dünyanın ən nüfuzlu iqtisadi qurumlarından olan Beynəlxalq Valyuta Fondu və digər təşkilatlar tərəfindən dəfələrlə istifadə olunaraq istinad edilib. Bununla yanaşı, “World Bank Economic Review” və “Economic Journal (Royal Economic Society)” kimi iqtisadiyyat sahəsində dünyanın top-5 % reytinq cədvəli siyahısına daxil olan akademik jurnallarda referilik təcrübəsinə malikdir.
Təhsilini başa vurduqdan və doğma Vətənə geri döndükdən sonra peşəkar fəaliyyətini 2016-2017-ci illər ərzində Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində davam etdirib.
Fəaliyyəti çərçivəsində “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, beynəlxalq reytinq hesabatlarının qiymətləndirmə metodologiyaları əsasında Azərbaycan üzrə bu sahədə sistemli şəkildə ilk dəfə olaraq müfəssəl tədbirlər planının hazırlanmasında və icrasının təmin edilməsində yaxından iştirak edib və nəticə etibarilə Azərbaycan Respublikasının mövqeyinin “Doing Business” və “Global Competitiveness Report” kimi beynəlxalq hesabatlarda irəliləməsində aparıcı şəxslərdən biri kimi öz töhfəsini verib. Qeyd etmək yerinə düşər ki, 2017-2020-ci illər ərzində bu sahədə həyata keçirilmiş tədbirlərin məntiqi nəticəsi olaraq, Azərbaycan öz mövqeyini “Doing Business” hesabatı üzrə 65-ci pillədən 28-ci pilləyə qədər irəlilətməyə nail olub.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2016-cı il tarixli “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamına uyğun olaraq, dövlət təsərrüfat müəssisələrinin fəaliyyətində effektivliyin daha da artırılması, qabaqcıl korporativ idarəetmə sisteminin tətbiqi və mərhələli transformasiya planı çərçivəsində holdinq idarəetmə sisteminə (Temasek Holdinq – Sinqapur; Samruk-Kazına – Qazaxstan) keçid ilə bağlı təkliflər zərfini özündə ehtiva edən və şərti olaraq S.A.P.F.I.R. Proqramı (İngilis dilində: State Assets Portfolio For Incorporated Restructuring Programme; Azərbaycan dilində: Dövlət Aktivləri Portfeli Üzrə Təmərküzləşdirilmiş Restrukturizasiya Proqramı) adlandırılan layihə sənədini işləyib hazırlayıb. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 07 avqust tarixli Fərmanına əsasən “Azərbaycan İnvestisiya Holdinqi” yaradılıb.
2018-ci ildən etibarən fəaliyyətini Azərbaycan Respublikası Energetika Nazirliyində müxtəlif rəhbər vəzifələrdə davam etdirən Dr. Musayev Energetika nazirinin yanvar 2021-ci il tarixli müvafiq əmri ilə Energetika nazirinin iqtisadi məsələlər üzrə müşaviri vəzifəsinə təyin edilib.
Energetika Nazirliyində işlədiyi dövr ərzində “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” ölkə prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli və “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamlarına uyğun olaraq, ölkəmizin bərpa olunan enerji sahəsinə xarici birbaşa investisiyaların cəlb edilməsi, “British Petroleum – BP Lightsource”, “ITOCHU”, “TOTAL EREN”, “ACWA Power”, “Masdar” və digər beynəlxalq transmilli şirkətlərlə danışıqlar aparılmaqla dövlət büdcəsindən əlavə subsidiyaların ayrılmasına ehtiyac qalmadan mövcud tarif dərəcələri çərçivəsində qiymət təkliflərinin əldə edilməsi və dövlət tərəfindən əsas müzakirəçi/danışıqçı (leading negotiator) qismində investorlarla müqavilə şərtlərinin razılaşdırılaraq imzalanması prosesində qabaqcıl simalardan bir kimi yaxından iştirak edib. Belə ki, Dr. Musayev neft müqavilələrindən sonra ölkəmizdə qeyri-neft sahəsinə qoyulmuş ən böyük investisiya layihələrindən biri hesab edilən və Azərbaycanın elektroenergetika və yaşıl enerji sahəsində sənaye miqyaslı ilk beynəlxalq müstəqil enerji istehsalı (Independent Power Producer – IPP Project) layihəsinin ərsəyə gətirilməsi prosesinin pionerlərindən biri hesab edilir.
Qeyd edilməlidir ki, 29 dekabr 2020-ci il tarixində Energetika Nazirliyi, “Azərenerji” ASC və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında ümumi dəyəri 300 milyon ABŞ dolları olan 240 MVt gücündə külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü Şəbəkəyə Qoşulma müqaviləsi” sənədləri imzalanıb. Qeyd edilən sənədlərin Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə də yaxın zamanlarda müzakirə edilərək razılaşdırıldıqdan sonra ümumi dəyəri 200 milyon ABŞ dolları olan 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə də imzalanması gözlənilir.
Dr. Musayev ingilis, rus və türk dillərində sərbəst yazı və danışıq qabiliyyətinə malikdir.