16 C
Baku
Thursday, May 9, 2024

G-20 sammitindən dünya və ölkəmiz nə gözləyir?

SON BİR NEÇƏ İL ərzində siyasət və iqtisadiyyat sahələrində baş verənlər, açıqlamalar, proseslər və nəticələr dünyanın nəhəng güc mərkəzləri (xüsusilə 2 güc mərkəzi) arasında bir çox məsələlərdə ciddi fikir ayırlıqlarının daha da dərinləşdiyini açıq-aşkar göstərməkdədir. Digər tərəfdən isə, nəinki ayrı-ayrı maliyyə mərkəzləri, hətta ABŞ-ın özünün daxilində bir çox məsələlərə yanaşmalarda ciddi fikir ayrılıqları mövcuddur. Qeyd edim ki, Britaniyanın öz daxilində bu cür dərin fikir ayrılıqlarına rast gəlinməməsi Britaniyanın nüfuz dairəsi və imkanlarının artmasını dəstəkləyən əsas amilə çevrilməkdədir.

Öncə ABŞ-ın öz daxilindəki ciddi fikir ayrılıqlarına nəzər salaq. Alternativ enerji – ənənəvi enerji. Burada bir haşiyə çıxmaq istərdim. Elon Musk alternativ enerji tərəfdarları, Biden administrasiyasının simvoluna çevrilib və ciddi dəstək görməkdədir. Teslanın səhmlərinin sürətli artışı və Teslaya olan sifarişlər alternativ enerji tərəfdarlarının güc barometri kimi də qəbul oluna bilər. Əslində hamı əvvəl-axır alternativ enerjinin dünyaya hakim olacağını bilir. Lakin, yanaşma tərzləri alternativ enerjiyə keçidin hansı sürətlə həyata keçirilməsi və hansı tədbirlərin görülməsindədir. Biden administrasiyanın həyata keçirməyə başladığı meqa-layihənin (20 il ərzində həyata keçirilməsi nəzərdə tutulan bu layihəni Donald Trump avantürist layihə adlandırmışdı) ciddi əleyhdarları da var. Bu əleyhdarlarh neft-qaz sektoru, FED (FED-in monetar siyasəti riskli edəcək əlavə pul çapı, inflyasiya və sair arqumentləri var) və Pentaqondur (silah istehsalı və satışının azaldılması, münaqişə zonalarının saylarının azaldılması və sair məsələlər Pentaqon üçün cazib sayılmır). Bir çox məsələlərdə fərqli baxışları olan FED və Pentaqon bu məsələdə yaxın mövqedə görünürlər. Layihənin tərəfdarları isə ekologiyanın təmizliyi, iqlim dəyişikliyi ilə bağlı narahatlıqlarını ifadə edib təmiz dünya uğrunda mübarizə aparan, alternativ enerji avadanlıq və məhsulları istehsal edən, bu sahədə olan qüvvələrdir. Əslində ABŞ daxilində ziddiyyətlər və fikir ayrılıqları təkcə bu məsələlərlə bitmir. Mövzudan yayınmayaq.

Bir də ABŞ və Britaniya, ABŞ və Çin, ABŞ və Avropa arasında olan ciddi fikir ayrılıqları mövcuddur. Bu ilin əvvəlində yazdığım bir məqalədə Merkelin gedişi ilə Avropada lider boşluğunu dolduracaq dövlət başçıları haqqında bildirmişdim ki, Avropa İtaliyanın baş naziri Mario Draghini bu mövqedə görmək istəyir. Burada alternativ ölkə Fransadır. ABŞ-ın Avropada kimi özünün əsas strateji müttəfiqi kimi görəcəyi maraqlı olacaq. G-20 görüşünün ilk günlərində ABŞ bu siqnalı verdi və Fransanı özünün Avropada əsas müttəfiqi kimi gördüyünün mesajını verdi. Əslində Merkelin gözlənilən gedişi (Merkel özü hələ 2 il öncə 2021-ci ilin payızında seçkilərdə iştirak etməyəcəyini və siyasətdən gedəcəyini açıqlamışdı) fonunda Fransa bu mövqeyə iddialı idi və son 1 il ərzində sərgilədiyi siyasət Avropadan daha çox ABŞ mövqeli bir siyasət idi. Şahmat taxtasında yer və mövqelərin dəyişməsinin nə qədər davamlı və əhatəli olacağını zaman göstərəcək.

Qlobal məsələlərdə digər fundamental fikir ayrılıqlarına gəlincə. Bunlar iqlim dəyişikliyi, pandemiya, münaqişə zonaları (münaqişələrin həllinə yanaşmalarda da ciddi fikir ayrılıqları var. Hətta münaqişələrin həllinə deyil, dondurulmasına, münaqişəyə cəlb olunan dövlətlərin davamlı gərginlikdə saxlanmasına tərəfdar olanlar da az deyil. Bunu isə münaqişəyə cəlb olunmuş dövlətlər də açıq-aydın görməkdə və narazılıqlarını açıq bir şəkildə müxtəlif mesaj və bəyanatlarla səsləndirməkdədirlər), silahlanma və enerji məsələlələridir. Enerji məsələlərini isə əhatə edən əsas proseslər: enerji qiymətləri (yüksək qiymətlərin əleyhdarları daha çox FED başda olmaqla neft idxal edən ölkələrin mərkəzi bankları (bütün siyasətin keçici inflyasiya üzərində qurulduğu bir vaxtda qalıcı inflyasiyanın olacağı artıq şübhə doğurmaqdadır. Əlavə pul çapı isə layihələrə deyil, artan qiymətlərin kompensasiyasına yönələcək. Yuxarıda qeyd olunan alternativ enerji layihələrini də nəzərə aldıqda daha çox əlavə pul çapına ehtiyac yaranır ki, bu da dollar üçün riskli hesab olunur), Avropanın enerji təchizatı (Rusiya faktoru ilə bağlı ciddi fikir ayrılıqları qalmaqdadır), enerji layihələri (xüsusilə marşrutlar), şist neft istehsalının həcmi və alternativ enerji ilə ənənəvi enerji tərəfdarlarının (həmin sahələrin böyük şirkətləri) arasındakı ciddi fikir ayrılıqlarıdır. Əsas mübahisə predmeti budur ki, neft və qaz hələ 2060-2070-ci illərdə tükənəcəksə, xüsusilə neft istehlakının 2040-cı ilə qədər ən azı 50 faizə qədər azaldılması istiqamətində sürətli və maliyyətli layihələrə doğrudanmı ehtiyac vardır? Lakin, burada dövriyyəyə həm də yaşıllar hərəkatları, iqlim dəyişikliyinin kömür, dizel, benzin və qaz istehlakı nəticəsində olmasını əsaslandıran təbiəti və ekologiyanın təmizliyi tərəfdarları  daxil olurlar. Hər 2 tərəfin arqumentləri mövcud olsa da, alternativ enerji tərəfdarları daha ağır çəki qazanmaqdadırlar. Xüsusilə son dövrlərdəki meşə yanğınları, daşqınlar, sel və buzlaqların əriməsi onların mövqelərini gücləndirir.

Ən ciddi fikir ayrılıqları iqtisadi sahədədir. Təhlillər onu göstərir ki, petro-dollar sistemini xilas etmək üçün atılan addımlar müəyyən nəticələr versə də, gözlənilən tam nəticəni vermir. Bəzi hallarda isə proseslər planların əksinə gedir. Bu isə ciddi hiddətə və aqressiyaya səbəb olur. Xüsusilə neft və qazın qiyməti ilə bağlı düşündürücü məsələlər çoxdur.

Qlobal iqtisadiyyatda ciddi qayğılar formalaşmaqdadır. Ölkələrin rifah səviyyələrinin aşağı düşməsi qlobal ticarət dövriyyəsi, istehlak və qlobal böyüməni təhdid edən əsas amillər kimi qəbul olunur. Ümumiyyətlə qlobal iqtisadiyyat, o cümlədən bank-maliyyə sektoru ilə bağlı fikirlər, proseslər ayrıca bir geniş mövzudur.

Nəhayət yeni bir dünyanın formalaşması ilə bağlı fikir ayrılıqları. Burada münaqişələr də daxil olmaqla iqtisadi, maliyyə və digər məsələlərlə bağlı ciddi və əsaslı alternativ fikirlər səsləndirən dövlətlər, qüvvələr də vardır, sadəcə oyun pozmağı qarşısına məqsəd qoyaraq məsələn münaqişələrin ya davamını, ya da ən azı dondurulmasını (həllini deyil) istəyən dövlətlər, qüvvələr mövcuddur. Burada əsas məsələlərdən biri də münaqişə tərəflərinin sərgiləyəcəyi mövqelərin həlledici olacağı amilidir. Çünki, münaqişənin həllinə tərəfdar olan ciddi dairələr də mövcuddur.

G-20 sammitində bir çox məsələlər müzakirə olunacaq. Maraq doğuran məsələlərdən biri də qardaş Türkiyə ilə bağlıdır. Yazını uzatmamaq üçün bu məsələyə qısa toxunaraq bircə onu qeyd edim ki, yaxın aylarda qardaş Türkiyənin mövqeyi və rolunun nə qədər artacağı, nə qədər güclənəcəyi də bizi və bölgəmizi maraqlandıran və arzu olunan məsələlərdən biridir.

Qısası, yeni bir ev tikilərkən fərqli fikirlər, mübahisələr, hətta ciddi qarşıdurmaların olması təbiidir. İndi də yeni düzən inşa olunur. Bu yeni düzənin bütün dünyaya, o cümlədən Qafqaza, ölkəmizə, qardaş Türkiyəyə sülh, əmin-əmanlıq, rifah gətirəcəyinə inanırıq. Tanrı dünyamızı qorusun!

— MÜƏLLİF —
Elman Sadıqov

Son xəbərlər
 ⁠
Digər xəbərlər