Dünyanın ən böyük investisiya banklarından biri olan “Goldman Sachs”ın icraçı direktoru David Solomonun Malayziyadakı korrupsiya qalmaqalına görə illik əmək haqqı 10 milyon dollar azalıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İlin sonunda Solomon 27.5 milyon dollar əvəzinə 17.5 milyon dollar alacaq. Qeyd edək ki, CEO-nun mükafatı əmək haqqından və 15.5 milyon dollar məbləğində təzminatdan ibarətdir, bunun 10.85 milyon dolları məhdud səhmlər, qalan hissəsi isə nağd şəklində ödəniləcək.
Eyni zamanda, bankın əməliyyat direktoru Con Uoldron (24.5 milyon dollardan 18.5 milyon dollara) və maliyyə direktoru Stiven Şerrin (22.5 milyon dollardan 15.5 milyon dollara) əmək haqqı azaldılıb.
Qərarda Solomon, Uoldron və Şerrin Malayziyanın 1MDB investisiya fondu vasitəsilə həyata keçirilən maxinasiyalarda iştirak etmədikləri və bu barədə xəbərdar olmadıqları vurğulanır. “Bloomberg”in 2020-ci ilin oktyabrında verdiyi məlumata görə, “Goldman Sachs”, ABŞ-ın Ədliyyə Nazirliyi və digər tənzimləyici orqanları arasında razılaşma imzalanıb. Departamentlər şirkətin 1MDB üçün milyardlarla dollar toplamaqda iştirak etdiyini təsbit ediblər. Bankın idarə heyəti keçmiş və hazırkı menecerləri ədalət məhkəməsinə çağıracağına və vəsaitləri geri qaytarmalarını təmin edəcəyinə söz verib.
Ümumilikdə, investisiya bankı bu işə görə 5 milyard dollardan çox təzminat ödəyib.