Bu ilin yanvar-aprel aylarında Gürcüstan iqtisadiyyatında 4,2%-lik artım qeydə alınıb. “Reuters” agentliyinə istinadən, bu barədə məlumat Gürcüstanın Milli Statistika Xidməti tərəfindən yayılıb.
Məlumata görə, ötən ilin analoji dövründə Gürcüstan iqtisadiyyatı 2,8% artım göstərib. Aprel ayında ÜDM 2,1% artıb. Ötən ilin analoji dövründə isə bu göstərici 4,3% təşkil edib. Cari ilin mart ayında Gürcüstanda 5,3% iqtisadi artım qeydə alınıb.
2016-cı ildə Gürcüstan 2,2%, 2015-ci ildə isə 2,9% iqtisadi artım əldə edib. Bu, hökumətin 3%-lik artım hədəfindən aşağıdır. Bu ilin yanvar ayından etibarən iqtisadi vəziyyət yaxşılaşmağa başlayıb. İxrac ilk 4 ay ərzində 30% artaraq 788 mln. ABŞ dollarına çatıb. Ticarət balansının mənfi saldosu 26,9% azalıb. Pul köçürmələri 19% artaraq 396 mln. dollara yüksəlib. Milli valyuta – lari isə möhkəmlənməyə başlayıb.
Qeyd edək ki, Gürcüstan hökuməti 2017-ci ildə 4% iqtisadi artıma nail olmaq istədiyini bildirib.