Hiperskeylerlərin istiqrazları təklif artıqlığı səbəbindən ucuzlaşır

Son bir neçə həftə ərzində investisiya dərəcəli korporativ istiqrazlar bazarı Nvidia, SpaceX və Amazon tərəfindən yerləşdirilən təxminən 75 milyard dollarlıq yeni istiqraz buraxılışını çətinliklə həzm edib. Bu, ilin əvvəlindəki vəziyyətdən kəskin şəkildə fərqlənir: həmin vaxt investorlar hiperskeylerlərin xərclərini demək olar, məhdudiyyətsiz maliyyələşdirməyə hazır idilər.

Nvidia və SpaceX istiqrazları nisbətən aşağı faizlə yerləşdirə bilsələr də, həmin kağızlar demək olar dərhal ucuzlaşmağa başladı. Amazon isə yerləşdirməni uğurla başa çatdırmaq üçün istiqrazları adətən olduğundan xeyli yüksək gəlirliliklə buraxmalı oldu. Bu, investorların daha ehtiyatlı davranmağa başladığını göstərir.

Problem nədədir?

İnvestorlar borcalanların kredit qabiliyyətinə şübhə etmirlər. Onlar başa düşürlər ki, bazarı qarşıda yüz milyardlarla dollarlıq yeni istiqraz təklifi gözləyir. Bu təklif davamlı şəkildə artacaq və artıq dövriyyədə olan qiymətli kağızların qiymətlərinə təzyiq göstərəcək.

Hiperskeylerlər hesablama gücü uğrunda yarışa o qədər aludə olublar ki, bazar iştirakçılarının fikrincə, onlar borclanma dəyəri artsa belə, demək olar, istənilən vaxt istiqraz bazarına çıxmağa hazırdırlar.

Xüsusilə iki yerləşdirmə gözlənilməz olub: iyunda Nvidia-nın 25 milyard dollarlıq istiqraz buraxılışı və ötən həftədən əvvəl Amazon-un eyni həcmdə — 25 milyard dollarlıq yerləşdirməsi. Məhz bu əməliyyatlardan sonra iri texnologiya şirkətlərinin kredit spredləri sürətlə genişlənməyə başlayıb.

Məsələn, Alphabet-in onillik istiqrazları üzrə spred ötən həftə 0,12 faiz bəndi artıb. Meta-da bu göstərici 0,16 faiz bəndi yüksəlib. Müqayisə üçün, investisiya dərəcəli istiqrazlar bazarı üzrə orta spred cəmi 0,02 faiz bəndi artıb.

Bundan sonra nə olacaq?

Bəzi investorların fikrincə, gec-tez borclanma dəyəri o qədər yüksələcək ki, texnologiya nəhəngləri başqa maliyyələşmə mənbələri axtarmağa məcbur qalacaqlar.

İyunda Alphabet cari ildə yeni istiqrazlar yox, yeni səhmlər satmaq hesabına 80 milyard dollardan çox vəsait cəlb edəcəyini açıqlayıb. Nəzəri baxımdan belə xəbər şirkətin istiqrazlarının qiymətini dəstəkləməli idi, çünki yeni borc buraxılışına ehtiyacı azaldır.

Lakin investorlar bunu başqa cür qiymətləndiriblər. Onların qənaətinə görə, bu qədər böyük həcmdə səhm emissiyası yalnız bir məna daşıyır: Alphabet süni intellektə daha çox investisiya qoymağa hazırlaşır. Bu isə o deməkdir ki, şirkət sonradan yenə də fəal şəkildə borc almağa məcbur ola bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər