27 C
Baku
Saturday, April 27, 2024

Hoshin Kanri-dən strateji idarəetməyə…

Müəllif: Embawood: Strateji İdarəetmə Qrupunun rəhbəri və Qafqaz Universiteti Marketinq müəllimi Cəbrayıl Vəliyev

Bir neçə ay bundan əvvəl “Yapon idarəetmə mədəniyyəti və idarəetmə prinsipləri” adlı yazımda Yaponların idarəetmə mədəniyyəti haqqında bəzi nüanslara toxunmuş və digər idarəetmə mədəniyyətlərindən fərqli tərəflərini göstərmişdim. Elə eyni məqalədə yaponların idarəetmə sahəsinə gətirdikləri bir sıra yeniliklərdən bəhs etmişdim. Bu yazıda idarəetmə həyatında olduqca önəmli olan və yenə Yaponiyada meydana çıxan Hoshin Kanri modelini qeyd etməyi unutmuşdum. Elə bu xətanı aradan qaldırmaq məqsədi ilə sözügedən idarəetmə prinsipi ilə əlaqədar bu yazıda təbii ki, vaxtilə oxuduqlarımı sizlərlə paylaşacağam.

“Hoshin Kanri” prinsipi 2-ci Dünya müharibəsindən sonra Yaponiyanın Amerika və Avropa məhsullarının təzyiqindən qorunmaq və böhrandan çıxış üçün irəli sürdükləri idarəetmə prinsiplərindən biridir.

“Hoshin” kəlməsi, “ho”- metod, üsul, yön, istiqamət və “shin”-maqnit, parlaq iynə kimi mənaları özündə birləşdirərək, istiqamət təyinedici -kompas mənasını verir. İdarəetmə sahəsində isə bu siyasət, bəzən isə hətta vizyon və misyon yerinə də istifadə olunur.”Kanri” kəlməsi isə “kan”- kontrol və “ri”-səbəb, məntiq mənasına gələn kəlmələrdən ibarət olub, idarəetmə və ya kontrol, hətta planlama mənasını da daşıyır.

Hoshin Kanri bir qurumun günlük fəaliyyətlərini strateji hədəflərlə müvafiq hala gətirmək istiqamətində tətbiq etdiyi sistematik bir idarəetmə metodudur. Bu metod öz başlanğıcını Deming Circle-dan götürür (Plan, Do, Chek, Act), əsas olaraq əvvəlcədən tədbir görmə və kontroldan başlayıb, planlama və tətbiqlə nəticələnir.

Avropada bu anlayış “policy deployment” və ya “management by policy” olaraq siyasətlərlə idarəetmə kimi daha çox qəbul görür. Bu metodu yapon planlama mütəxəssisi Yoji Akao irəli sürmüşdür. Yaponiyada Deming mükafatını qazanan firmaların çoxu məhz bu metoda görə bu mükafatı qazanmışlar.

Hoshin-Kanri metodunu tətbiq edən böyük şirkətlər isə bunlardır: Procter&Gamble və Hewlett-Packard (Hoshin planlama), Unilever (Tətbiq yönümlü idarəetmə), Xreox (Nəticələr üçün idarəetmə), Exxon Kimya (Hədəflərin açılımı) və s.

hoshin

Hoshin-Konri metodu idarəetmə sahəsində strateji planlama və strateji idarəetmənin əsası kimi də qəbul olunur. Elə məqsədim də strateji idarəetməni daha düzgün mənimsəmək üçün bu anlayışın yaranmasına səbəb olan və bu anlayışla bağlı olan digər prinsip və metodları öyrənmənin doğru olacağını söyləməkdir. Çünki belə olarsa strateji idarəetmənin əhəmiyyəti daha düzgün dərk ediləcəkdir.

Hoshin-Kanri metodunun əsas məqsədi günlük fəaliyyətlərin strateji hədəflərə uyğun-həmahəng olaraq görülməsi olmaqla bərabər, o, aşağıda sıralanan məqsədləri də əhatə edir:

– Bütün planlama fəaliyyətlərinin şirkət vizyonuna fokuslanması
– Hədəflərin şirkətin mövcud qabiliyyətləri və fürsətləri nəzərə alınaraq qəbul edilməsi
– Fəaliyyətləri həyata keçirənlərin də planlama prosesində iştirakını təmin etmək
– Bölmələrin və fərdlərin fəaliyyətlərini müəyyən bir mərkəzdə toplamaqla onları vizyon və hədəflərə bağlı olaraq fəaliyyətə istiqamətləndirmək
– Daim təkmilləşdirmə və inkişaf halqası yaradaraq elastik planlaşdırma sistemi qurmaq
– Şirkət üçün vahid kommunikasiya sistemini yaratmaq
– Korporativ daimi öyrənməni dəstəkləmək.

Ümumiyyətlə Yapon idarəetmə metodları əslində yaponlar tərəfindən irəli sürülsə də bundan ən yaxşı istifadə edən təkcə yapon şirkətləri olmayıb, Avropa və Amerika mənşəli dünya şirkətləri olmuşdur. Bu isə bu cür sistemlərin harada yaranmasının heç də önəmli olmadığını, əsas bu sistemlərin tətbiqinə verilən önəmin, istək və sistemli fəaliyyətin uğur qazanmaq üçün daha vacib olduğunu göstərir .

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər