8 C
Baku
Thursday, March 28, 2024

İran dəmir yolları Azərbaycanla birləşir – Culfadan İrəvan və Tiblisiyə getmək olacaq

İranın şimal-qərbində Şərqi Azərbaycan əyalətinin Miyane, Bostanabad və Təbriz şəhərlərini birləşdirən dəmir yolu istifadəyə verilib. Bu TRASEKA dəhlizinin bir hissəsidir.

Bu barədə Fars agentliyi məlumat yayıb. İran prezidenti İbrahim Rəisinin iştirakı ilə Bostanabaddan Təbrizin Xavaran stansiyasına qədər olan dəmir yolunun açılış mərasimi keçirilib.

Bu marşrut İslam Respublikasını Avropa ilə birləşdirəcək və beynəlxalq əməliyyatların sayını və Avropa ölkələrinə ixrac olunan malların həcmini artıracaq.
Dəmir yolu xəttinin tikintisi 22 illik fasilədən sonra başa çatdırılıb. Agentliyin məlumatına görə, bu hissənin açılması ilə Tehrandan Təbrizə dəmir yolu marşrutu 114 km qısalacaq, müvafiq olaraq gediş vaxtı azalacaq, marşrutun üstünlüklərindən biri isə keçid qabiliyyətinin 7 mln. ton yük və ildə 2 milyon sərnişin daşımasıdır. Bundan əlavə, ikixətli dəmir yolu xətti Trans-İran dəmir yolunu Şimal-Qərblə birləşdirəcək, ölkənin dəmir yolu şəbəkəsinin qarşılıqlı əlaqəsini yaxşılaşdıracaq.
“Miyane-Bostanabad-Təbriz dəmir yolu layihəsinin istifadəyə verilməsi ilə İran tranzit dəmir yolu ilk dəfə olaraq Avropaya (Azərbaycan Respublikası, Ermənistan və Türkiyə dəmir yolları vasitəsilə – red.) qoşulacaq və onun dəmir yolları ilə birləşdiriləcək. Culfa şəhəri və digər quru və su sərhədləri vasitəsilə Naxçıvan, İrəvan və Tbilisiyə keçmək beynəlxalq əməliyyatların sayını və Azərbaycan Respublikasına malların ixracını artıracaq” – məlumatda deyilir.

TRASEKA beynəlxalq nəqliyyat dəhlizinə Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üçün beynəlxalq daşımalara dair əsas çoxtərəfli sazişdə iştirak edən 13 ölkənin nəqliyyat sistemi daxildir. Sazişdə Ermənistan, Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edir.

Mənbəunikal.az
Son xəbərlər
Digər xəbərlər