20 C
Baku
Thursday, May 2, 2024

İş ili başa çatmayan işçinin məzuniyyət müddəti necə müəyyən olunur?

İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, b

u müddətdə işçi tam, yoxsa işlənmiş dövrə düşən məzuniyyət hüququndan istifadə edə bilər? “vergiler.az”ın sualına əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir.

Əmək Məcəlləsinin 113-cü maddəsinin 3-cü bəndinə əsasən, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər.

Eyni zamanda, Əmək Məcəlləsinin 137-ci maddəsinin 1-ci bəndində göstərilib ki, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.

Əmək qanunvericiliyinin qeyd edilən və digər maddələrində məzuniyyətin işlədiyi müddət üçün verilməsi hansısa bir şəkildə göstərilməyib. Məzuniyyətdən istifadə etmək hüququnun ilk iş ili üçün 6 ay işlədikdən sonra meydana gəlməsi öz əksini tapıb.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 4-cü bəndi təsdiq edir ki, əmək məzuniyyətindən istifadə etmək hüququ olan işçi, iş ili tamam olmamasına baxmayaraq, tam iş ilinin məzuniyyətindən işəgötürənin qərarı ilə istifadə edə bilər.

Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Əgər işçi iş ili tamam olmamış əmək münasibətlərinə xitam verərsə, bu halda iş ilinin işlənməmiş müddətinə düşən hissəsi işçidən tutula bilər. Bu halın daha aydın olması üçün bənzər bir nümunə ilə məsələni aydınlığa qovuşduraq.

Misal: İşçi 20.12.2021-ci il tarixdə işə qəbul olunub və onun ilk məzuniyyət hüququ 30 gündür. Deməli, işçinin iş ili 20.12.2021-20.12.2022-ci il tarixləridir. İşçinin ilk iş ili üçün məzuniyyətdən istifadə etmək hüququ 6 ay işlədikdən sonra, yəni 20.06.2022-ci il tarixdən sonra əmələ gəlir. İşçi 21.06.2022-ci il tarixdən etibarən işəgötürənin razılığı ilə 30 gün məzuniyyət hüququndan tam şəkildə istifadə edə bilər.

Yaxud işçi məzuniyyət hüququndan istifadə etməyib, növbəti iş ilinin məzuniyyəti ilə birlikdə iki iş ilinin məzuniyyət hüququndan istifadə edə bilər. Təbii ki, işəgötürənin razılığı olarsa. İşçinin ikinci iş ili 20.12.2022-20.12.2023-cü il tarixləri olacaq və işçi 21.12.2022-ci il tarixdə işəgötürənin razılığı ilə iki iş ilinin məzuniyyətindən (60 gün) istifadə edə bilər. 19.12.2022-ci il tarixdə ikinci iş ili başlanmadığı üçün ikinci iş ilinin məzuniyyət hüququndan istifadə edə bilməz. İş ili başlamadığı üçün məzuniyyət hüququ da yaranmır.

Bu hallarda Əmək Məcəlləsinin 113, 131 və 137-ci maddələrinə istinad edilir.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı

Son xəbərlər
 ⁠
Digər xəbərlər