İspaniya və Mərakeş İspaniyanın Seuta anklavına qanunsuz daxil olmuş miqrantların sürətlə deportasiya edilməsi barədə razılığa gəlib. Bu barədə İspaniya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hakimiyyətin məlumatına görə, son günlər şəhərə təxminən 60 min miqrant gəlib.
“Bütün ölkələr bu miqrasiya axınlarına qarşı mübarizə məqsədilə koordinasiya və birgə səyləri gücləndirmək barədə razılığa gəliblər. Tərəflər həmçinin Seutaya qanunsuz daxil olan bütün şəxslərin mümkün qədər tez geri təhvil verilməsi ilə bağlı tədbirləri nəzərdən keçirmək və həyata keçirmək öhdəliyi götürüblər”, – deyə məlumatda bildirilir.
İspaniya Daxili İşlər Nazirliyi son günlər minlərlə qanunsuz miqrantın sərhədi keçmək cəhdlərinin qarşısının alınması istiqamətində göstərdiyi səylərə görə Mərakeş tərəfinə təşəkkür edib.
Nazirliyin məlumatına görə, insan alveri şəbəkələri İspaniya məhkəməsinin son qərarından istifadə edərək, əsasən gənclər arasında qanunsuz miqrasiyanı təşviq edirlər.
AFP-nin yazdığına görə, böhranın başlanmasından bəri Seutadan Mərakeşə 25 mindən çox miqrant geri qaytarılıb.
Seuta Afrikanın şimal sahilində yerləşən və Mərakeşlə həmsərhəd olan İspaniyanın muxtar şəhəridir. Miqrasiya böhranı İspaniya Ali Məhkəməsinin dənizdə saxlanılan və anklavlara çatmağa çalışan miqrantların sürətlə geri göndərilməsini qadağan edən qərarından sonra başlayıb.
İspaniya hökuməti bu məsələyə görə müxalifətin tənqidinə məruz qalıb. İtaliya və Finlandiya isə ölkə ilə bağlı Şengen sazişinin fəaliyyətinin dayandırılmasına çağırıblar.







