2 C
Baku
Sunday, December 15, 2024

Məcburi dövlət sığortası ilə əhatə olunmayan şəxslərin siyahısı genişləndirilib

Azərbaycanda yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər 5 il müddətinə məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilib. Reportun məlumatına görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün “Sosial sığorta haqqında”qanuna dəyişikliklərin edilməsi tətbiqi ilə bağlı imzaladığı fərmandan sonra mümkün olub.

Fərmana əsasən, “Sosial sığorta haqqında” qanunun 12-ci maddəsinə edilmiş dəyişiklik qüvvəyə minib və bu il, mayın 1-dən adıçəkilən şəxslər məcburi dövlət sığortasının əhatə dairəsindən çıxarılıb.

Sənədə əsasən, Nazirlər Kabineti mövcud qanun və aktların bu qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Yenilənmiş qanuna görə, dəyişiklik edilmiş maddədə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir. “Sənaye parkı” dedikdə, Prezidentin 2015-ci il 3 iyun tarixli sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkı, “müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti” dedikdə isə gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti nəzərdə tutulur.

 

Son xəbərlər
Digər xəbərlər