7 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank bu həftə faiz qərarını verir

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 1 may tarixində uçot faiz dərəcəsinə dair 2024-cü ilin üçüncü qərarını verir.

AMB 2023-cü ilin noyabrından ölkədə inflyasiyanın hədəf çərçivəsinə qayıtması ilə faiz dərəcələrini endirməyə başlayıb. 2023-cü ilin noyabrına qədər 9.00 faiz olan bençmark faizləri 2024-cü ilin martına qədər olan iclasların hər birində 25 və 50 baza bəndi endirilməklə 7.50 faizə düşüb. Ümumilikdə faizlər dörd iclasa 150 baza bəndi endirilib.

100 baza bəndi=1 faiz bəndi.

Tənzimləyicinin 2022-2023-cü ildə faizləri yüksəltməsinin səbəbi post-pandemiya və geosiyasi gərginliklər fonunda dünyada yüksələn inflyasiya və bunun ölkəmizə də təsirini azaltmaq olub.

Dünyada və eləcə də Azərbaycanda sakitləşən qiymət artımları ardından Mərkəzi Bank faiz dərəcələrinin parametrlərində yumşalmaya gedib.

234567

Faiz dərəcəsi borc bazarında pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyili isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyil göstərirlər, əllərində olan nağd pulu isə xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir. Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyili güclənir. Çünki əmanətlər üzrə faizlər nağd pulu saxlamağın (bank sektorundan kənarda yığım etməyin) “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə, məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

Uçot faiz dərəcəsi mərkəzi bankların pul siyasətində bazara təsir edən əsas monetar alət olsa da, hazırki durumda AMB bununla ölkənin maliyyə bazarına güclü təsir edə bilmir. Bununla belə, faiz siyasətinin iqtisadiyyata təsirli olması üçün israrlı addımlar atılmaqdadır.

Mərkəzi Bank faizlə bağlı addım atarkən əsas diqqəti ölkədəki inflyasiyanın hansı trayektoriyada hərəkət etməsinə yönəldərək qərar verir. Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Azərbaycanda mart ayında istehlak qiymətləri indeksi illik 0.4%-ə, orta illik isə 1%-ə düşüb. Bu, Mərkəzi Bankın hədəf çərçivəsindən xeyli aşağıdır. Mərkəzi Bank üçün hədəf 2 faiz və 6 faiz arasıdır. Hazırda uçot faiz dərəcəsi ilə illik inflyasiya arasındakı fərq +7 faizdən çoxdur. Bununla belə, Mərkəzi Bankın özünün də təsdiq etdiyi kimi idxal inflyasiyası da nəzərdən keçirilən amildir. Məsələn, DSK-nin son açıqlamasına görə, 2024-cü ilin ilk iki ayının nəticələrinə əsasən, idxal olunan məhsullar üzrə qiymət indeksləri illik müqayisədə 15.3% təşkil edib. Bu, ilk bir ayda 15.1% idi.

45435345345

Mərkəzi Bank son mart iclasında bildirib ki, monetar siyasətinin yumşaldılması ilə bağlı növbəti qərarlar inflyasiyanın azalma meylinin davamlılığından, xarici və daxili mənşəli təklif və tələb amillərinin dinamikasından asılı olacaqdır. Qeyd olunan risklərin reallaşması halında pul siyasətinin ilin qalan dövründə yumşaldılması üzrə pauzanın götürülməsi imkanlarına baxıla bilər.

Hazırki relyefdə bir neçə iqtisadçının rəyinə əsasən, Azərbaycan Mərkəzi Bankının may iclasında da 0.25 faiz bəndi uçot dərəcəsinin endirimini davam etdirəcəyi gözlənilir.

Keçən iclasda AMB uçot faiz dərəcəsini və faiz dərəcəsinin yuxarı həddini endirsə də, depozit faizi olan aşağı həddi dəyişməz saxladı. Requlyator şərh verərək bunun faiz dəhlizinin eninin optimallaşdırılmasına xidmət etdiyini qeyd edib. Əlavə olaraq, Mərkəzi Bank hər həftəyə 65 milyon manatlıq bazardan “pulun yığılmasını” not hərracları ilə davam etdirir.

Digər tərəfdən Mərkəzi Bank monetar siyasətində digər alət olan məcburi ehtiyat normaları üzrə əmsalları yüksək saxlamaqda davam edir. Bunun da nəticəsi olaraq, 1 aprel 2024-cü il tarixinə, məcburi ehtiyat normalarının həcmi 5 milyard 400.9 milyon manat ekvivalentindədir. Bu vəsaitlər MB-də qalır və onlardan kommersiya bankları istifadə edə bilmir. Qeyd edilən MEN-in nə səbəbdən MB-də saxlanılması ilə bağlı öncəki yazılarımızda qeyd etmişik.

 

Son xəbərlər
Digər xəbərlər