2 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank valyuta ehtiyatlarının rekord həddə çatmasının səbəbini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) rəsmi valyuta ehtiyatlarının son 8 ildə ən pik həddə yüksəlməsinin səbəbini açıqlayıb.

AMB-dən bildirilib ki, son 2 ildə profisitli tədiyə balansı və de-dollarlaşma proseslərinin davam etdiyi şəraitdə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının mütləq əksəriyyətində təklif tələbi üstələyib. Bu səbəbdən valyuta bazarında tarazlığın təmin olunması üçün fiskal əməliyyatlarla əlaqədar son aylar ərzində Mərkəzi Bank valyuta bazarına alışyönlü müdaxilə edib. Əvvəlki illərdə olduğu kimi alışyönlü müdaxilələr Mərkəzi Bankın valyuta ehtiyatlarının artması ilə nəticələnir.

“Ümumilikdə alışyönlü valyuta müdaxilələri nəticəsində pul bazasının izafi genişlənməsi pul siyasəti alətləri ilə məhdudlaşdırılır. Bu məqsədlə Mərkəzi Bank son bir ildə özünün sterilizasiya əməliyyatlarını əhəmiyyətli şəkildə aktivləşdirib və yeni alətlərin tətbiqinə başlayıb. Nəticədə cari ilin 9 ayında manatla pul bazasının artımı cəmi 2.5% olub” – AMB-nin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, bu il sentyabrın sonuna AMB-nin valyuta ehtiyatları 9 milyard 775.3 milyon dollara yüksəlib. Bu isə 2015-ci ilin fevral ayından indiyə kimi, yəni son 8 ildə qeydə alınan ən yüksək göstəricidir. Ümumilikdə isə Mərkəzi Bankın valyuta ehtiyatlarında 2017-ci ilin əvvəlindən bu ilin oktyabr ayına kimi artım dinamikası davam edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər