2 C
Baku
Saturday, December 14, 2024

Malayziya hökuməti bir neçə ştatda sosial məhdudiyyətləri yumşaldıb

Malayziya hökuməti iyulun 6-dan bir neçə ştatda koronavirus pandemiyası fonunda tətbiq edilən sosial məhdudiyyətləri yumşaldıb.

Bu barədə məlumat verən müdafiə naziri İsmail Sabri Yakob Kelantan, Pahanq, Parak, Perlis və Trenqanu ştatlarında sosial-iqtisadi fəaliyyətin qismən bərpa olunduğunu bildirib.

Nazir qeyd edib ki, bu administrativ vahidlərdə vəziyyət getdikcə sabitləşir və Baş nazir Muhiddin Yassinin gündəlik yoluxma hallarının sayının 4 minədək azaldılması və əhalinin azı 10 faizinin vaksinasiyaya cəlb olunması barədə göstərişinə cavab verir.

Həmçinin bu ştatlarda bir sıra mağazaların, bərbərxanaların, gözəllik salonlarının, kənd təsərrüfatı bazarlarının, eyni zamanda, açıq havada yerləşən idman obyektlərinin fəaliyyətinə icazə verilib. Özəl sektorda çalışanların təqribən 80 faizi öz iş yerlərinə qayıda bilər. Bütün bunlara baxmayaraq, şəhər və ştatlar arasında hərəkətə, bir sıra mağazaların, kafe və restoranların fəaliyyətinə icazə verilməyib.

Xatırladaq ki, Malayziya hökuməti iyunun 1-dən 28-dək bütün ölkə ərazisində qadağalar tətbiq etmişdi. Baş nazir bu məhdudiyyətləri gündəlik yoluxma sayı 4 minədək azaldılanadək uzatmağı tapşırmışdı.

Ən ağır vəziyyət Kuala-Lumpurda və paytaxtın da daxil olduğu Selanqor ştatında yaranıb. Hökumət burada iyulun 3-dən 16-dək komendant saatı tətbiq edib.

Son məlumatlara görə, Malayziyada 778,6 min yoluxma halı qeydə alınıb. İndiyədək 5400 nəfər həyatını itirib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər