Müəllif: Rafiq Hunaltay, Marketinq Departamentinin Rəhbəri, IDEAL
Gələcək marketoloqlara tövsiyələrim
Əslində bu yazının adını lap çoxdan düşünmüşdüm və özümdə də qeyd etmişdim. Neçə müddətdir düşünürdüm yazmaq istədiklərimə daha nələri əlavə edə bilərəm. Bu gün qərara gəldim ki, artıq vaxtdır, yazmaq olar.
Qısası bu yazıda əsas hədəfim marketinqi yeni öyrənən və ya müəyyən bir pilləyə çatıb, amma hələ ki, izləməyə üstünlük verən marketerlərdir. Yəni onlara iki seçim verəcəm. Ya marketer olacaqlar, ya da bu gün bir çoxları kimi “bazar adamları” olacaq və elə də qalacaqlar. Əslində sektorda bəlli yeri olan və bəlli yeri olduğunu zənn edənlər üçün də faydalı ola bilər. Amma onların bu yazıdan sonra dəyişəcəyinə ümidim azdır. Yazını məsləhət deyil, sadəcə kiçik bir tövsiyə kimi qəbul etmənizi xahiş edirəm.
Tövsiyə 1: Fərdi kompüterinizin gözünə deyil, müştərilərinizin gözünün içinə baxın
Bir çox menecerlər ofislərindən demək olar ki, kənara çıxmırlar. Elə bilirlər ki, rahat şərait, vəzifə və internetin varsa, çata bilməyəcəyin vəzifə, verə bilməyəcəyin tapşırıq yoxdur. Yanlışdır. Ofisdən kənara çıxmaq lazımdır. Hələ marketersinizsə, Sizin ofisdə nə işiniz var. Brendinizin yanında olun, brendi alan müştərinin yanında olun, onları dinləyin, izləyin, hərəkətlərini qeydə alın. Bir də etdiklərinizə müştəri gözündən baxın, onların dilində eşidin. Bəzən bizim bəzi marketoloqlar etdiklərinə qiyməti 3-5 dostunun rəyi ilə ölçür və ya facebookdakı dostlarının “like”ları, şərhləri ilə dəyərləndirirlər. Praktika da göstərir ki, bu halda səmimiyyət çox aşağı olur. Bu həm də Sizi eqodan xilas edəcəkdir, tənqidə qarşı daha dözümlü edəcəkdir.
Tövsiyə 2: Ağa ağ, qaraya qara deyin, deyə bilmirsinizsə, susmaq ən gözəl çıxış yoludur
Səmimiyyət ən gözəl taktikadır. Obyektiv olun. Hər hansı işə qiymət verərkən bir ürəyiniz, bir məntiqiniz, bir də vicdanınızla düşünün. Bəyəndiynizi və bəyənmədiyiniz nüansları açıq deməkdən çəkinməyin. Bu sizə ancaq baş ucalığı gətirər. Tənqidə açıq olun. Yalan yerə “əladır, gözəldir” deyib səmimiyyətinizə xəyanət etməyin. Bəzi adamlar kimi duruma görə, insana görə, o andakı əməkdaşlığınıza görə situasiyaya, kiminsə işinə qiymət verməyin. Bilirsiniz niyə? Çünki bu kənardan çox aydın şəkildə hiss olunur və bunu edən adam gözlərdə çox kiçilir. İndiyədək praktikamda belə adamlarla çox qarşılaşmışam və indi də onlara yazığım gəlir. Çünki onlar heç vaxt özləri ola bilməyəcəklər, adları dedikləri sözə möhür olmayacaq. Ədiblərdən biri deyir ki, “mənə hər şeydə mənimlə razılaşan, mən başımı əyəndə o da əyən dost lazım deyil. Ona qalsa, mənim kölgəm də mənim dostumdur” Qısası kölgə dostlar heç kimə lazım deyil. Həzrət Əli deyir ki, “ya xeyir söylə, ya da sus”. Bəli, səmimi olub həqiqəti deyə bilmirsinizsə, SUSUN. Bu ən gözəl çıxış yoludur.
Tövsiyə 3: Ünsiyyətcil olun. Hörmətinizi qoruyun
Marketinqdə çalışan insanların ünsiyyətcil və fikirlərə açıq biri olması çox vacibdir. Ətrafımızda elə marketerlər var ki, ünsiyyət cəhətdən korluq çəkirlər. Buna ya özlərindən asılı olmayan və ya tərbiyə edə bilmədikləri xarakterləri, ya da eqoları imkan vermir. İlkin demiş, üzüyünüzün qaşı düşməz, böyüklük lazım olan yerdə böyük olmağı, kiçik olmaq lazım gələn yerdə isə kiçik olmağı bacarmaq lazımdı. Marketoloq heç vaxt burnunu dik tutmamalıdır. Marketinq hər gün dəyişirsə, tələblər də dəyişir və bir müddət sonra siz “köhnələcəksiniz”. Bir az kobud səsləndi, amma məcazi mənada qəbul edin. Yeni başlayanlara, yeni addımlayanlara hörmət edin, dəstəkləyin, küçümsəməyin.
Küçümsədinizsə, əmin olun ki, Sizi onlar bir gün mütləq “əzəcəklər”. Halbuki Sizin bir böyük kimi hörmətinizi qorumaq və böyük kimi xatırlanmaq imkanınız da vardı. Bu gün hörmətini bu kimi səbəblərdən itirən N qədər marketoloq var. Onları heç kim saymır və bu faciədir. Nəsillər bir-birinin davamı olmalıdır, düşməni deyil. Bu gün Marketing AİR məzunlarının bloq yazılarını oxuyanda qürurum sinəmə sığmır. Artıq şirkətlər onların yazıları ilə hesablaşır, nəzərə alırlar. Amma bu gənclər o gənclərdir ki, çox qısa müddət öncə sadəcə bu işə cəhd etmədə qərarsız idilər. Dəstəyi bu tip gənclərdən əsirgəyənlər, məncə, öz sonunu hazırlamış olur.
Tövsiyə 4: Oxuyun ki, sözünüz keçsin. Tənqid etmək üçün ona layiq olmaq lazımdır
Bir dəfə bir həmkarım dedi ki, niyə filan yazarın saytda o tip yazılarına yer verirsən, fikirləri insanları səhv yönə istiqamətləndirir. O zaman cavabım belə oldu ki, “düz olanını haçansa hardasa yazmısanmı?”. Səhv və ya düz biz bunu indiki halda çox düşünməməliyik, çünki ortaq qərara gələ bilməyəcəyik. Hamımız yazmalıyıq. Hələ o qədər çox deyilik ki, kimlərisə bundan məhrum edək. Onsuz yazan, yaza bilənlər çox azdır. Hətta marketinqi çox gözəl bilən insanlar da bildiklərini paylaşa bilmir, bəzən. İndi ya zəlzələdən, ya vəlvələdən bu alınmırsa, kimdə alınırsa, onlara hörmətlə yanaşacağıq. Zaman özü hər şeyi çıxdaş edəcək.
Deyir “sözün keçmədiyi yerdə sözünü deyil, yerinizi dəyişin”. Sözünüzün keçməsi üçün oxumaq lazımdır, mütaliə edib son trendlərdən xəbərdar olmaq lazımdır. Oxumadıqca “köhnələcəyik”, o ana qədər yığdıqlarımızı xərcləmiş olacağıq.
Çox olur ki, hər hansı bir marketinq kampaniyasına, hər hansı bir müəllif yazısına şərh, irad bildiririk. Amma bir çoxları təəssüf ki, ikibaşlı hərəkət edir. Məsələn, tənqid edir, amma gözəl olan tərəflərini qeyd etmir. Hətta buna istəsələr də “dilləri dönmür” də demək olar, eqo var axı, imkan vermir. Lazım deyil, vallah lazım deyil. Ən böyük səhvimiz ondadır ki, rəy bildirərkən çox vaxt çəkilən zəhməti bircə saniyədə yerə vururuq. Unutmayın ki, hər işin arxasında zəhmət var, hər kampaniyanın arxasında onlarla insanın əməyi durur və ona hörmətlə yanaşmaq borcumuzdur. Bəyənmədiklərimizi demək cəsarəti göstərdiyimiz kimi, bəyəndiklərimizi də demək cəsarətini niyə göstərməyək ki?
Hər kampaniya, reklam, iş fərqli olur. Buna bir çox aspektdən qiymət vermək olar. Qiymətləndirmədə tələsməyin. Məsələn, hansısa reklam, hətta Sizə görə pis çəkilibsə, zəifdirsə, amma nəticədə uğur varsa, o uğurun sirrini çözmək, onu müzakirə etmək daha faydalıdır. Boş-boş və əsassız aşağılayıcı şərhlər tənqid kimi yaradıcı deyil, dağıdıcı xarakter daşıyır.
Tövsiyə 5: Uğur üçün çoxlu pul yox, çoxlu yaradıcı ideya axtarın
Bu gün səhv bir düşüncə var ki, reklamdan çox buraxdınsa, iş bitmişdir. Xeyr, qətiyyən. İnsanlar daha məhsul almır, emosiya alır, servis alır. Mesajınızı verərkən emosional fonda da qiymətləndirin. Marketinq indi “ideya dövrünü” yaşayır. Çalışın çoxlu fərqli ideyalarınız olsun. Fərqli oldunuzsa, fərqli tətbiq etdinizsə, ən azı bunu etməyənlərdən öndə olacağınız dəqiqdir.