Azərbaycanda əsasən metal tullantılarının dəniz və quruda yığaraq yenidən emalını aparan “Universal Metal” QSC zərərdən mənfəətə keçib.
Banker.az xəbər verir ki, şirkət 2023-cü ili 157 min manat xalis mənfəətlə bitirib. Halbuki, 2022-ci ili 708 min manat zərərlə tamamlamışdı.
Şirkət 2023-cü ildə 4.66 mln. manat gəlirlə öncəki ildə qeydə alınmış 2.09 mln. manatı 2 dəfədən çox üstələyir.
Daha bir fakt isə bu biznes 2022-ci ildə satışların maya dəyəri gəlirləri üstələmişdi ki, bu da bir sahibkarlıq subyekti üçün az görünən hadisədir. 2022-ci ildəki 645 min manat ümumi zərər keçən il 253 manat ümumi mənfəətlə əvəzlənib.
Bununla belə, yarandığı üç il ərzində 2022-ci ildəki böyük zərər onun kapital çatışmamazlığı ilə üz-üzə qoyub. Şirkətin cəmi kapitalı 476 min manat kəsrdədir. Səhmdarlar bu şirkəti təsis edərkən cəmi 2 min manat fondla yaradıblar.
Xatırladaq ki, “Universal Metal” QSC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 min manatdır və qanuni təmsilçisi Zaur Əmirovdur. Şirkət quruda, dəniz və su hövzələrində metal tullantıların, gəmi batıqlarının və neft buruqlarının çıxarılmasını, təmizlənməsini və təkrar istehsalının həyata keçirilməsini təmin edir. Balansındakı 3 gəmi, o cümlədən yerli və xarici mütəxəssislərdən ibarət işçi heyəti var.