Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Prezidenti İlham Əliyev 18 iyun 2019-cu il tarixdə sərəncam imzalayıb.
Banker.az xəbər verir ki, minimum əmək haqqı 180 manatdan 250 manata qədər artırılıb.
Sərəncamda deyilir,
1. Minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2019-cu il