6 C
Baku
Sunday, December 15, 2024

Nədir COP29?

COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP bu konvensiyanın ən üst qərarverici qurumudur və konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən ölkələr (hazırda 198 ölkə) COP-da təmsil olunurlar. COP-un missiyası konvensiyadan* irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” – sıfır emissiyaya nail olmaqdır.

Hər il keçirilən konfransa (COP) rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu (Afrika ölkələri, Asiya ölkələri, Latın Amerikası və Karib ölkələri, Mərkəzi və Şərqi Avropa ölkələri, Qərbi Avropa və digər ölkələr) təmsil edən 198 ölkənin səsverməsi ilə seçilir.

Sonuncu, COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 Noyabr-12 Dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir. Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak etmişdir. İştirakçıların tərkibini əsasən dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər, və digər maraqlı tərəflər təşkil etmişdir.

Növbəti, COP29 olaraq adlandırılacaq konfrans isə 2024-cü ilin 11-24 Noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Buna, sonuncu, COP28 konfransında iştirak edən 195-dən çox ölkənin yekdilliklə səsverməsi nəticəsində qərar verilmişdir.

11-24 Noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Nəzərə alsaq ki, ölkə olaraq ən irimiqyaslı beynəlxalq tədbirimiz 8 min nəfərə yaxın qonağın qəbul edildiyi Avropa Oyunları olmuşdur, COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.

* Konvesiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.

 

Müəllif: Orxan  Məmmədli

Son xəbərlər
Digər xəbərlər