Oman körfəzində iki neft tankerinə hücum baş verib. “Reuters”ə istinadən, tankerlərdən birinin göyərtəsində rusiyalılar ola bilər. Habelə agentlik Tayvanın CPC şirkəti tərəfindən fraxtə edilmiş tankerə torpeda dəydiyini bildirir.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 12:50 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti $1.20 yəni, 2.35% bahalaşaraq $52.34 səviyəsində qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri $1.59, yəni, 2.65% bahalaşaraq $61.56 dəyərində təklif olunub.
ABŞ Hərbi Dəniz Qüvvələrinin regiondakı Beşinci donanması tankerlərə hücum barədə məlumatlıdır, amma detallı informasiya əldə edə bilməyib.
Xatırladaq ki, mayın 13-də Səudiyyə Ərəbistanı bu ölkəyə aid iki neft tankerinin Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra əmirliyi sahillərində hücuma məruz qaldığını açıqlayıb. Həmin rayonda daha iki tankerə hücum edilib. Bir neçə gün sonra ABŞ və Səudiyyə Ərəbistanı rəhbərliyi bu hücumların İran tərəfindən həyata keçirildiyini açıqlamışdı. İran iddiaları təkzib edir.