Nvidia süni intellekt çiplərini almağa icazə verilən Asiya müştərilərinin siyahısını əhəmiyyətli dərəcədə ixtisar edərək yeni “ağ siyahı” formalaşdırıb. Financial Times-ın mənbələrə istinadən yaydığı məlumata görə, şirkət son aylarda Sinqapur, Malayziya və Yaponiyadakı müştərilərə nəzarəti xeyli sərtləşdirib.
Əvvəllər yoxlamalar yalnız ABŞ-nin ixrac tələblərinə əməl olunmasının qiymətləndirilməsi ilə məhdudlaşırdı. İndi isə Nvidia nümayəndələri müştərilərin məlumat emalı mərkəzlərinə baş çəkir, müqavilələri yoxlayır və son istifadəçilərlə görüşərək onların həqiqətən bu sahədə fəaliyyət göstərdiyinə əmin olurlar.
Qəzetin yazdığına görə, yeni qısaldılmış “ağ siyahı”ya daxil edilməyən Asiya şirkətləri yoxlamalar zamanı aşkar olunmuş pozuntuları aradan qaldırdıqdan sonra yenidən süni intellekt çiplərinin alınması üçün müraciət edə bilərlər.
Financial Times bildirir ki, siyahıdan çıxarılan şirkətlərin əksəriyyəti bulud xidmətləri sektorunda fəaliyyət göstərir.
Mənbələrin sözlərinə görə, yoxlamaların sərtləşdirilməsi və alıcıların sayının azaldılması Vaşinqtonun təzyiqi nəticəsində baş verib. Məqsəd qabaqcıl ABŞ istehsalı olan çiplərin üçüncü ölkələr vasitəsilə Çinə çatdırılması üçün mövcud boşluqları aradan qaldırmaqdır.







