Özbəkistanda ölüm hökmü ləğv edilə bilər.
Şənbə günü dərc edilən “Özbəkistan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər haqqında” qanun layihəsinə ölüm hökmünün qadağan edilməsi ilə bağlı bənd daxil edilib.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumunun keçirilməsini təklif edib. Bundan əvvəl dövlət başçısı əsas qanunun 2022-ci ilin dekabrınadək yenilənməsi təşəbbüsü ilə çıxış edib. Mayın sonunda parlament dəyişikliklər layihəsini hazırlamaq üçün konstitusiya komissiyası yaratdı. Çərşənbə günü dəyişikliklərlə bağlı konstitusiya qanunu layihəsi qanunvericilik palatasına təqdim edilib, cümə günü birinci oxunuşda bəyənilib, ictimai müzakirə üçün dərc edilməsi qərara alınıb.
Dərc olunan layihənin mətnində deyilir: “Özbəkistan Respublikasında ölüm hökmü qadağandır”.
24-cü maddədə deyilir ki, yaşamaq hər bir insanın ayrılmaz hüququdur və qanunla qorunur.
Özbəkistanda 2008-ci il yanvarın 1-dən ən yüksək cəza tədbiri kimi ölüm hökmü təxirə salınıb.
Parlamentin qərarına əsasən, layihənin ümumxalq müzakirəsi iyulun 4-dək davam edəcək, daha sonra qanun layihəsi referenduma çıxarılacaq. Qanun layihəsində konstitusiyanın 64 maddəsinə 200-dən çox dəyişiklik nəzərdə tutulur. Hazırkı konstitusiya 128 maddədən ibarətdir.
Özbəkistanın Konstitusiyası 1992-ci il dekabrın 8-də respublika Ali Sovetinin sessiyasında qəbul edilib. O vaxtdan bəri ölkənin əsas qanununa 15 dəfə dəyişiklik edilib.